Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
"Report" xəbər verir ki, “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır.
Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb: “Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi “suyun, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir”.
Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.