Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur.
"İşğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb", - nazir müavini qeyd edib.