Naxçıvanda Bahar festivalı keçirilir

Naxçıvanda Bahar festivalı keçirilir Naxçıvanda “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb.
Mədəniyyət siyasəti
18 mart 2025 19:39
Naxçıvanda Bahar festivalı keçirilir

Naxçıvanda “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Milli geyimli Bahar qız bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

“Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və Keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə “Saçları səməni oğlan” tamaşasını nümayiş etdirib.

Festival iştirakçıları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də istedadlı şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları tinglərə dəyiş” aksiyası ilə tanış olublar.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai-iaşə xidməti də təşkil edilib.

Bahar festivalının ilk günü Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşıb.

Festival martın 23-dək davam edəcək.

Orphus sistemi