Moskvada "Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, fotosərgi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR RUS” tərəfindən Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.
Tədbir neft və qaz sənayesi işçilərinin peşə bayramı gününə təsadüf edir.
Sərgini açan “Azərbaycan” pavilyonun direktoru Səadət Kadırova xeyriyyəçinin şəxsiyyətinin xüsusi diqqətə layiq olduğunu qeyd edib: "Hacı Zeynalabdin Tağıyev mühüm humanitar layihələr həyata keçirib. O, Azərbaycanda qızların təhsilinə xüsusi önəm verib. Bakıda onlar üçün ilk gimnaziyanı açıb".
Qeyd edək ki, sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış neft sənayeçisinin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Tədbirin qonaqları onun tərcümeyi-halı və Azərbaycan neft sənayesinin tarixi ilə daha yaxından tanış olublar.
Xatırladaq ki, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Məhəmmədtağı oğlu Tağıyev (1838-1924) Rusiya imperiyasının və Azərbaycanın ən iri neft sənayeçilərindən biri olub. O, bütün həyatı boyu Bakı neft mədənlərini, balıqçılıq və yüngül sənaye sahələrini inkişaf etdirib.