Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin təntənə ilə qeyd edildiyini bildirən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib ki, Ulu Öndərin müasir Azərbaycanın güclənməsində çox böyük rolu olub. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında, uğurunda müstəsna xidmətləri var.
Diplomat tədbirin təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanla Gürcüstan arasında münasibətlərin bundan sonra da inkişaf etməsini arzulayıb.
Tədbirdə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Elisso Bolkvadze Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etməkdən məmnunluğunu ifadə edib.
Gürcüstanlı pianoçu iki ölkənin parlamentləri arasında mədəniyyət sahəsində memorandumun imzalanması ilə Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə yüksələcəyinə ümidvar olduğunu bildirib.
Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.
Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından fortepianoda ifa etməyə başlayıb. Orkestr ilə ilk konsertini isə 7 yaşında olarkən verib. Tbilisi Konservatoriyasında təhsil alan, sonradan pianoçu kimi peşəkar fəaliyyətini Fransa və Avstriyada davam etdirən Elisso Bolkvadze Avropa və ABŞ-ın ən möhtəşəm konsert salonlarında dünyanın məşhur orkestrlərinin müşayiəti ilə çıxış edib.