Yuxarı
    Bağlamaq

    Kaliforniyada Novruz bayramı qeyd edilib - FOTO

    Baş konsul soydaşlarımızı Azərbaycan dövləti ətrafında sıx birləşməyə çağırıb

    Bakı. 23 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması Novruz bayramı münasibətilə təntənəli tədbir keçirib. 

    Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, tədbirdə ABŞ və Kaliforniya ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak edib. 

    Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən azərbaycanlılara səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var. “Buna görə də, bu müstəqil dövlətimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsi, Vətənimizin inkişafına öz töhfələrini verməsi olduqca vacibdir” – deyə baş konsul qeyd edib.

    Bayram tədbirində iştirak edən ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys çıxış edərək, Azərbaycan icmasını təbrik edib. O, 2014-cü ildə ölkəmizə etdiyi səfərə toxunaraq, Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayıb, qarşıdakı illərdə Azərbaycan xalqının daha böyük nailiyyətlərə imza atacağına inandığını bildirib. Tədbirdə həmçinin, Kaliforniyanın İrvayn şəhərinin meri Steven Çoy, Fountain Valley şəhərinin meri Stiv Neyql və digərləri də iştirak edib

    Tədbir daha sonra ziyafət və bədii hissə ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi