Yuxarı

"Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda tədbir keçirilib

Tədbir aşıq musiqilərindən ibarət konsert proqramı ilə davam edib

Bakı. 7 may. REPORT.AZ/ Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin, incəsənətinin və milli musiqilərinin inkişafına ümummilli lider Heydər Əliyevin hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb:

"Ulu öndər Heydər Əliyev məhz xüsusi fəaliyyəti nəticəsində 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Bu böyük mədəni hadisə idi. Bununla, Azərbaycan xalqı öz milli mənsubiyyətini dünyada təsdiqləməyə müvəffəq oldu. Ölkəmizin mədəniyyətinin, tarixinin dünyada təbliğ edilməsinin nəticəsi olaraq indi bir çox milli-mənəvi sərvətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Təsadüfi deyil ki, bəşəriyyətə məxsus olan bu incilər sırasında min illərdən bəri xalqımızın yaratdığı, qoruyub inkişaf etdirdiyi aşıq sənəti də var".

Nazir bildirib ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin bundan sonrada dünyada tanıdılması və təbliğ olunması üçün Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi vacibdir.  

Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” və professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına, tarixinin və ədəbiyyatının öyrənilməsinə verdiyi xüsusi önəm qeyd olunub.

Ustad aşıqlardan əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmov, əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov və Prezident təqaüdçüsü Mahmud Məmmədov da çıxış edərək ulu öndər Heydər Əliyevin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan danışıblar. 

Tədbir aşıq musiqilərindən ibarət konsert proqramı ilə davam edib. Konsert “Misri” qrupunun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra”nın səsləndirilməsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi