Yuxarı

"Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli" mövzusunda elmi-praktik seminar keçirilib

“Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır”

Bakı. 22 fevral. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində bu gün "Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli" mövzusunda elmi-praktik seminar keçirilib. Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, bugünki seminar öz aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyəli bir mövzuya həsr edilib.

A.Kərimli bildirib ki, 2015-ci il ərzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, onun müxtəlif sahələrdəki zəngin xidmətlərini aşkara çıxaran mövzular araşdırılıb və dəyərli alimlərimiz, ictimai-siyasi xadimlərimiz tərəfindən təqdim edilib, Mərkəzdə bu mövzulara həsr olunan müxtəlif elmi-praktik seminarlar təşkil olunub. "Təbii ki, bugünki seminarın mövzusunun dərin kökləri var və ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində multikulturalizm ideyası əsas yer tutur".

İctimaiyyət nümayəndələri, tələbələrin iştirakı ilə keçirilən elmi-praktik seminarda çıxış edən Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

K.Abdullayev bildirib ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” - deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi: "Əslində, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib".

K.Abdullayev deyib ki, ümummilli lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü: “Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir”.

Dövlət müşaviri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. İlham Əliyev daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir".

K.Abdullayev vurğulayıb ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir.

Dövlət müşaviri həmçinin qeyd edib ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir: "Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar”.

K.Abdullayev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsində 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub”.

Çıxışdan sonra K.Abdullayev seminar iştirakçılarının Azərbaycanda multikulturalizm ənənələri, tarixi və gələcək inkişafı istiqamətində müxtəlif suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi