Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ

Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ Göyçay rayonunun ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Uzun illərdir baxımsız vəziyyətdə qalan abidə demək olar ki, aidiyyəti qurumlar tərəfindən unudulub. Otuz ildən artıqdır baxımsız vəziyyətdə qa
Mədəniyyət siyasəti
1 Noyabr , 2022 11:58
Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ

Göyçay rayonunun ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Uzun illərdir baxımsız vəziyyətdə qalan abidə demək olar ki, aidiyyəti qurumlar tərəfindən unudulub. Otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan bu memarlıq nümunəsinin bərpası bir neçə ildir nəzərdə tutulsa da, əməli olaraq hələ ki, heç bir lazımi tədbir görülməyib.

"Report"un Yuxarı Şirvan bürosunun əməkdaşı, həmin abidəyə baş çəkib və kompleksdəki mənzərə ilə tanış olub.

Məlum olub ki, abidə kompleksinin vəziyyəti heç də ürəkaçan deyil və buranın təmirə ehtiyacı kifayət qədər çoxdur. Çünki təmir olunmadığı hər gün abidənin məhv olması bir qədər də yaxınlaşır.

Bundan əlavə, abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Hazırda damında və divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi yaranıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, burada vaxtında təmir və bərpa işləri görülməzsə, yaxın vaxtda abidə tarixə qovuşacaq.

Hazırda qapıları bağlı olan "Yeraltı hamam" kənar müdaxilələrdən mühafizə olunur və içəri heç kim buraxılmır.

Azərbaycanda 135 il əvvəl tikilmiş bu sirli hamam nadir memarlıq abidələrindən biridir. XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq inşa etdirib. "Yeraltı hamam" adı isə əsas hissəsi yerin səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamamlardan ikisi qadınlar, biri isə kişilər üçün olub. Vaxtilə buradan eyni vaxtda 70 nəfər istifadə edirmiş. Uzun illər insanlara xidmət göstərən ölkə əhəmiyyətli bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır.

Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb. Gümbəzli unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş sovetlər dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində "Yeraltı hamam"ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə bina təmir edilərək yenidən hamam kimi fəaliyyətə başlayıb. Lakin 1991-ci ildən sonra bu abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb.

Sakinlər deyib ki, Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər. Lakin o vaxtdan bəri bu işə hələ başlanılmayıb, abidə tamamilə unudularaq bərbad hala düşüb.

 Fariz Hüseynli
Fariz Hüseynli

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Onun sözlərinə görə, həmin hamam uzun illər sakinlərinin istifadəsində olub:

"Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpası məsələsi investisiya planına salınıb. Eyni zamanda, qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. "Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında" qanuna əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. "Yeraltı hamam"ın da bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir".

Son xəbərlər

Orphus sistemi