Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına Sarayda tanınmış dövlət xadimi, SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisi Əliş Ləmbəranskinin 100 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.
"Report" xəbər verir ki, tədbirin açılışında Azərbaycan energetika naziri Natiq Əliyev çıxış edərək Əliş Ləmbəranskinin Azərbaycanın neft sənayesinin quruculuğunda gördüyü işlərdən, neft sənayesinin inkişafındakı xidmətlərindən danışıb. Nazir həmçinin Ə. Ləmbəranskinin Azərbaycan mədəniyyətinə verdiyi tövhələrdən də bəhs edib. O xüsusi olaraq vurğulayıb ki, 100 illik yubiley tədbirinin keçirildiyi Saray, Musiqili Komediya Teatrı, Yaşıl Teatr və s. mədəniyyət ocaqlarının tikintisi, Opera və Balet Teatrının bərpas Ə. Ləmbəranskinin rəhbərliyi ilə həyata keçirilib.
Açılış nitqindən sonra rejissor Cəmil Fərəcovun "Mən Bakımı sevirəm" adlı filmi nümayiş edilib.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestrinin ifası ilə əbədi hissə ilə davam edib.
Qeyd edək ki, Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib. Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və Bakıya gözəllik bəxş edən digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib.