Əbülfəs Qarayev Xorvatiyada səfərdədir
- 27 may, 2015
- 09:36
Bakı. 27 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, səfərin məqsədi BMT Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında iştirak etməkdir.
İclasda BMÜTT-nin baş katibinin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyillər, təşkilatın maliyyə durumu, 2014-2015-ci illər üçün fəaliyyət proqramının icrası və s. məsələlərlə bağlı məruzəsi dinləniləcək.
Qeyd edək ki, mayın 27-29-da "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda keçiriləcək sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzularının və keçiriləcəyi yerin müəyyən olunmasıdır.