Yuxarı

Əbülfəs Qarayev: "Şəkinin Dünya İrsi Siyahısına daxil edilməsiylə bağlı sənədlər YUNESKO-ya təqdim olunub"

Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazir müavinləri və tədbirlər planına cavabdeh əməkdaşlar iştirak edib.

Nazir Əbülfəs Qarayev çıxışında Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulayıb və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacib olduğundan bəhs edib.

Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edən nazir qeyd edib ki, bu il ərzində silsilə tədbirlər keçiriləcək.

Nazir qeyd edib ki, Şəki şəhərinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib ki, hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib: "Təsadüfi deyil ki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur. Bunların da iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Son illər Şəkinin turizm potensialı turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il 120 min turist Şəkiyə səfər edib".

Daha sonra görüşdə tədbirlər planının bütün bəndləri üzrə müzakirələr aparılıb. Tədbirlər planına əsasən, təntənəli açılış mərasimi, folklor və musiqi kollektivlərinin konserti, atüstü milli oyunlar festivalı, xalq tətbiqi sənət ustalarının və rəssamların əsərlərindən ibarət sərgi, şeir müsabiqələri, festivallar və bağlanış mərasimi kimi tədbirlər müzakirə olunub.

Qeyd edək ki, Şəki şəhəri TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi