Əbülfəs Qarayev Moldovadan olan nümayəndə heyəti ilə görüşüb

Əbülfəs Qarayev Moldovadan olan nümayəndə heyəti ilə görüşüb Bakı. 1 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 1-də Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət siyasəti
1 Mart , 2018 16:26
Əbülfəs Qarayev Moldovadan olan nümayəndə heyəti ilə görüşüb

Bakı. 1 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 1-də Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Moldovanın Azərbaycandakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədiblər Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak ediblər.

Nazir “Moldova ədəbiyyatı günləri”ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirərək bildirib ki, bu cür qarşılıqlı layihələr, ümumilikdə, Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: “Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır”.

Ə.Qarayev GUAM üzvü olan ölkələrin birgə layihələrində Moldova ilə əməkdaşlığın perspektivləri və ortaq layihələrin müsbət nəticələrini qeyd edib: "Moldova incəsənət ustaları mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq musiqi, teatr və digər festivallarda iştirak edirlər. Kitab və mətbuat sahəsində əməkdaşlıq isə bu tanışlığı bir addım da yaxınlaşdırır. İnsanların intellektual inkişafına xidmət edən kitabların və ədəbiyyat adamlarının tanıdılması mühüm əhəmiyyət kəsb edir”.

Nazir xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu, xüsusilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın Novruz bayramı ilə Rumıniya və Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı arasında oxşar xüsusiyyətləri qeyd edib.

G.Postike Bakıda “Moldova ədəbiyyatı günləri” layihəsinin həyata keçirilməsində göstərdiyi təşəbbüsə görə əlaqədar təşkilatlara minnətdarlıq edib. O, Moldovada nəşr olunan “Azərbaycan xalçaları” seriyasından təqvimi nazirə təqdim edib.

Moldovanın Azərbaycandakı səfiri Georq Leuka qeyd edib ki, layihə çərçivəsində mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsi və təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi planlaşdırılır. Bildirilib ki, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.

Səfir il ərzində qarşılıqlı mədəni tədbirlər planı haqqında da məlumat verərək bildirib ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalı, “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını söyləyib: “Mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir. Kişineuda Azərbaycan yazıçılarının hekayə antologiyası, xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanı nəşr edilib”.

Görüşün sonunda Əbülfəs Qarayev 65 illik yubileyi və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya, Azərbaycan və Moldova arasında ədəbi və mədəni əlaqələrin inkişafında xidmətlərinə görə isə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman və hədiyyələr təqdim edib.

Son xəbərlər

Orphus sistemi