Əbülfəs Qarayev Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktorunu qəbul edib

Əbülfəs Qarayev Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktorunu qəbul edib Qonaq Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlib
Mədəniyyət siyasəti
9 Aprel , 2015 20:26
Əbülfəs Qarayev Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktorunu qəbul edib

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rotla görüşüb.

"Report" xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barədə danışıb.

Nazir bu ilin ən mühüm tədbirlərindən olan III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.
Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu əlaqələrin təkcə sərgilər vasitəsilə deyil, eyni zamanda, muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi də qeyd olunub.
Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Əbülfəs Qarayev bu səfəri Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib.

Martin Rot Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Bakıya dəvət olunduğunu diqqətə çatdırıb, səmimi qəbula görə nazirə təşəkkürünü bildirib.

O, Londonda keçirilən ikinci beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşünü də məmnunluqla xatırladıb.

Görüş qarşılılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi