Yuxarı

Əbülfəs Qarayev Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının nümayəndələri ilə görüşüb

Nazirlikdə ölkəmizdə mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının baş katibi Assumpcio Hosta və koordinatoru Michael Mail ilə görüşüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurasının Mədəni Marşrut Layihələrindən biri olan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə üzvlüyü və Azərbaycanda Yəhudi Mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlikdə ölkəmizdə mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanıb.

Proqrama paytaxt Bakı ilə yanaşı, Quba, Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin, orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunub.

Görüş zamanı nazir Əbülfəs Qarayev layihənin əhəmiyyətini yüksək vurğulayıb və Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Assosiasiyanın nümayəndələrini iştirak etməyə dəvət edib. Həmçinin nümayəndə heyətinə, Forum zamanı layihənin təqdimatının keçirilməsi təklif edilib.

Assosiasiyasının baş katibi Assumpcio Hosta Azərbaycana səfərindən yüksək məmnunluğunu ifadə etmiş və layihənin əhəmiyyətindən danışarkən bildirmişdir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun ən yaxşı nümunəsidir.

Assosiasiyanın koordinatoru Michael Mail Bakıda olduqları müddətdə Avropa və gürcü yəhudiləri dini icması, həmçinin, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ilə, Qırmızı Qəsəbədəki “Giləki” və “Altı Gümbəz” sinaqoqlarındakı yerli dini icmalarla və Oğuz rayonundakı “Aşağı məhəllə” və “Yuxarı məhəllə” sinaqoqları ilə tanış olduqları haqqında məlumat verib.

Qeyd edək ki, Avropa Yəhudi Mədəniyyəti və Irsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə hazırki dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulmuş, həmçinin, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edir. Azərbaycan Qafqazda bu layihəyə qoşulan ilk ölkədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi