Litvanın şifahi xalq ədəbiyyatında paytaxt Vilnüsün yaranma tarixi ilə bağlı belə bir əfsanə var ki, bir gün Litvanın Böyük hersoqu Gediminas Şventaragis vadisi yaxınlığındakı müqəddəs meşədə ova çıxır. Uğurlu günün sonunda hersoq yorğun düşür və elə meşədə onu möhkəm yuxu tutur. Səhərə yaxın Gediminas yuxusunda görür ki, nəhəng bir dəmir qurd təpənin üstündə dayanıb və ətraf meşəlik ərazidən də digər qurdların səsi gəlir. Hersoq oyanan kimi bütpərəst keşiş Lizdeikadan bu yuxunu yozmasını istəyir. Keşiş isə yuxuda dəmir qurd görməyin yeni qurulacaq bir qala və şəhərə işarə olduğunu deyir və Gediminasa bu şəhəri mütləq salmalı olduğunu bildirir. Səbəbini isə belə izah edir ki, həmin şəhər Litvanın paytaxtı olacaq və bu, baş verərsə, Litva hökmdarlarının əməlləri bütün dünyada əks-səda doğuracaq. Nəticədə meşə içərisində Vilnüs şəhəri salınır. Əfsanədə adı keçən Şventaragis vadisi isə şəhərin mərkəzi hissəsi hesab olunur. Bildirim ki, sözügedən vadi bu gün Kafedral meydanı kimi tanınır.
Vilnüsü kəşf etdikcə əfsanədə mütləq bir həqiqət payı olduğunu düşünürəm. Bu şəhər, doğrudan da, meşənin içərisində yerləşir. Belə ki, Vilnüs gəzdiyim ölkələr arasında ən yaşıl şəhərlərdən biridir, hətta onu ilk sıraya belə qoya bilərəm. Çünki istənilən bir məkana getmək üçün burada meşəlik ərazidən keçirsiniz, hətta yaşadığım bina belə meşənin içərisində yerləşirdi. Bu, axşam saatları üçün ürküdücü olsa da, mental sağlamlıq baxımından olduqca gözəldir. Günün istənilən vaxtı pəncərənizi açıb yaşıllığı seyr edərək ruhunuza dinclik verirsiniz, üstəlik ciyərləriniz də bayram edir. Bundan əlavə, isti sizi halsızlaşdıranda kölgələnmək üçün Bakıdakı kimi park və ya ağac axtarmaq məcburiyyətində qalmırsınız. Avtomobil yolları belə ağaclarla əhatələnib. Hətta Vilnüs Universitetinin yeni kitabxanası da şəhərin mərkəzi hissəsində yox, məhz meşənin içərisində tikilib. 24 saat fəaliyyət göstərən bu kitabxanada ziyarətçi əlindən oturmağa yer tapmaq olmur. Bunun bir səbəbi kitabxananın müasir avadanlıqlarla tam təchiz olunmasıdırsa, digəri də əlverişli mövqedə yerləşməsidir. Çünki burada oxumaqdan beyniniz yorulanda bir fincan qəhvə ilə pəncərənin qarşısında dayanıb təbiəti izləyə bilirsiniz və dərhal da yorğunluğunuz keçir, lap filmlərdəki kimi.
Vilnüsün bu ecazkar təbiətindən başqa, bir də ona gözəllik qatan din və mədəniyyət mərkəzləri, tarixi tikililəri var ki, bunların əksəriyyəti şəhərin mərkəzi hissəsində, elə Kafedral meydanı və ya “Old Town”un ətrafında yerləşir. Belə mədəniyyət ocaqlarından biri Gediminas təpəsinin dibində ucaldılmış Litva Milli Muzeyidir. Bura Litvanın ən qədim və ən böyük muzeyi statusundadır. Düzü, elə qapıdan içəri daxil olan kimi binadakı zədələrdən, bəzi hissələrdəki çatlardan tikilinin qədim olduğu sezilir.
1952-ci ildə fəaliyyətə başlayan muzeydə kolleksiyalar arxeologiya, etnoqrafiya, təsviri incəsənət, tarix və s. daxil olmaqla geniş mövzuları əhatə edir. Belə ki, burada orta əsrlər Litvası, müharibələrarası dövrdə Litva, ənənəvi sənətkarlıq, dini artefaktlar və ölkənin müstəqillik mübarizəsi ilə bağlı əşyalar tapa bilərsiniz. Həmçinin Litvanın müxtəlif bölgələrindən olan arxeoloji tapıntıları - qədim alətlər, keramika və keçmiş sivilizasiyalara işıq salan digər əşyaları görmək mümkündür. Qalıcı sərgilərdən birində Litvanın adət-ənənələri, ənənəvi geyimləri, xalçaları, süfrə örtüləri və s. nümayiş olunur. Bundan başqa, muzeydə həm tarixi, həm də müasir Litva rəssamlarına həsr olunmuş rəsm, heykəltaraşlıq nümunələri və digər sənət əsərləri nümayiş etdirilən bölmə də var. Bu baxımdan muzey ziyarətçilərə Litvanın tarixi və mədəniyyətinin müxtəlif aspektlərini araşdırmaq imkanı verir.
Şəhərin bir digər əhəmiyyətli muzeyi isə özündə tarixlə bərabər, kədər də daşıyan, Papanın şəxsən ziyarət etdiyi İşğallar və Azadlıq Döyüşləri Muzeyidir. Bura 1992-ci ildə mədəniyyət naziri və Litva Siyasi Məhbuslar və Deportasiya olunanlar İttifaqı prezidentinin əmri ilə yaradılıb. 1997-ci ildə isə Litvanın Soyqırımı və Müqavimət Araşdırma Mərkəzinə həvalə olunub. Muzey keçmiş Dövlət Təhlükəsizlik Komitəsi (KQB) qərargahında yerləşdiyi üçün qeyri-rəsmi şəkildə KGB muzeyi kimi də tanınır. Bu tarixi məkanda Litva xalqının işğal və azadlıq mübarizəsi illərində yaşadıqları çətinliklər barədə bir sıra eksponatlar, sənədlər və fotoşəkillər nümayiş olunur. Sovet və nasist rejimləri tərəfindən törədilən vəhşiliklər bütün çılpaqlığı ilə göstərilməyə çalışılır. Sərgilərin hər birinin ayrılıqda təsvirinə keçəcək olsam, düşünürəm ki, ilk olaraq muzeyin ən ağrılı və təsirli hissəsindən-zirzəmisində yerləşən keçmiş KQB həbsxanasından başlamalıyam.
Bura sovet dövründə siyasi məhbusların saxlanıldığı, dindirildiyi və bəzən işgəncələrə məruz qaldığı yerdir. Faktiki həbsxana kameraları nümayiş olunur. Onları izlədikcə daxilinizi elə bir dəhşət bürüyür ki, başqasının ağrısına üzülməkdən daha çox, onların yerində olmadığınıza sevinirsiniz. Ziyarətim zamanı buranı mənlə bərabər 50-60 yaşlarında türk cütlük də gəzirdi. Kameraları elə bir təəccüb və kədərlə izləyirdilər ki, arabir dayanıb onlara tamaşa edirdim. Qadın bəzən otaqlar arasında dayanır, emosiyasını boşaldır, sonra yenidən başını yelləyərək addımlayırdı. Nəhayət bu yorğun addımlar zirzəminin sonuna çatdı və elə mən də onların ardınca digər sərgiləri görmək üçün birinci mərtəbəyə qalxdım.
Buradakı otaqlardan biri məhz Litvanın müstəqilliyi uğrunda mübarizə aparan cəsur kişi və qadınlara həsr olunub. Onların hekayələri, şəxsi əşyaları və zülmə müqavimət göstərmək üçün istifadə etdikləri alətlər nümayiş etdirilir. Digər bir sərgi Litvanın sovet işğalı altında olduğu illəri əhatə edir. Həmin dövrdə Litvadakı həyatın siyasi, sosial və iqtisadi aspektləri ziyarətçilərə ötürülür. Həmçinin müqavimət hərəkatı və azadlıq mübarizəsinə diqqət çəkilir. Muzeydə həmçinin İkinci Dünya Müharibəsi illərində Litvada nasist işğalına da diqqət çəkilir. Litvadakı yəhudilərin nasistlər tərəfindən vəhşicəsinə öldürülməsi barədə ziyarətçilər məlumatlandırılır. Postsovet ölkələrindən biri kimi Litvada mütləq bir muzeyə getməlisinizsə, fikrimcə, bu məhz İşğallar və Azadlıq Döyüşləri muzeyi olmalıdır.
Lakin vaxtınız boldursa və marağınız varsa, həm də Pul muzeyinə baş çəkə bilərsiniz. Burada ziyarətçilərə dünya pul və bankçılıq tarixi təqdim olunur. 1999-cu ildə yaradılan muzey 2010-cu ildə yenidən qurulub və bir qədər müasirləşdirilib. Muzeydə ziyarətçilər həm litvaca və ingiliscə məlumat lövhələri, həm də audiobələdçilər vasitəsilə əskinasların tarixi barədə məlumat əldə edə bilirlər. İqtisadiyyat və pul vahidləri ilə maraqlanan şəxslər burada pulun füsunkar dünyası ilə tanış ola və onun tarix boyu təkamülünü müşahidə edə bilərlər.
Muzeylərlə yanaşı Litvada elə muzey təsiri bağışlayan kilsələri də ziyarət etmək olduqca zövqlüdür. Məsələn, xarici və daxili görkəmi ilə göz oxşayan belə kilsələrdən biri Vilnüs Universitetinin mərkəzi binasının ərazisində yerləşən Müqəddəs İohann kilsəsidir. İlk dəfə 1386-1426-cı illər arasında qotik üslubda tikilən kilsə XVIII əsrdə əsaslı şəkildə yenidən qurulub və indiki barokko üslubunu qazanıb. “Harry Potter” səhnəsini xatırladan həyətindən baxdıqda füsunkar görüntüyə malik olan kilsə həm də görkəmli zəng qülləsinə malikdir. Kilsəyə giriş ödənişsiz olsa da, şəhərin panoramik mənzərəsini təqdim edən bu qülləni ziyarət ödənişlidir. Tarixən buradan universitetin müəllim heyəti və tələbələr ibadət üçün istifadə ediblər. Həmçinin tamaşaların keçirildiyi, dissertasiyaların müdafiə olunduğu məkan kimi də xidmət göstərib. Elə indi də kilsədən ibadət və tədbir məkanı kimi istifadə edilir, hətta din təhsili alan tələbələr üçün bəzən dərs auditoriyası funksiyasını da icra edir. Ancaq fikrimcə, Litvanın interyeri ən gözəl kilsəsi məhz Dominikan Müqəddəs Ruh kilsəsidir.
Kənardan olduqca sadə bir təsir bağışlayan barokko memarlığı nümunəsi 1408-ci ildə inşa edilib. Kilsə başqa bir çox tikililər kimi 1807-ci ildə çar hakimiyyətləri tərəfindən həbsxanaya çevrilib. Lakin sonradan ilkin funksiyası bərpa olunub. Küçənin yan tərəfində yerləşən bu kilsə qətiyyən görkəmli bir fasada malik deyil. Ancaq daxilindəki oymalar, tavandakı təsviri incəsənət nümunələri, rəsm əsərləri, heykəltaraşlıq nümunələri və Müqəddəs Ruhun kompozisiyası heyrətamiz bir görüntü yaradır və buranı Litvanın ən qiymətli kilsələrindən birinə çevirir. Bu kilsədən sonra isə eksteryeri ilə göz oxşayan və şəhərə xüsusi gözəllik qatan möhtəşəm memarlıq nümunələrini - Müqəddəs Pyotr və Müqəddəs Pavel kilsəsini və Müqəddəs Yekaterina kilsəsini ziyarət edə bilərsiniz.