Bursada "İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsi"nin təqdimatı keçirilib

Bursada "İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsi"nin təqdimatı keçirilib Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsi"nin təqdimat mərasimi keçirilib.
Mədəniyyət siyasəti
26 Sentyabr , 2022 12:49
Bursada İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsinin təqdimatı keçirilib

Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsi"nin təqdimat mərasimi keçirilib.

"Report"un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan və digər ölkələrdən olan arxeoloqlar, mədəniyyət xadimləri iştirak ediblər.

F.Məcidli çıxışında qədim köklərə malik türk tarixi və mədəni irsinin izlərini daşıyan yeni kəşf edilmiş abidələrin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində İltəriş Xaqana məxsus külliyə aşkar edilib. Bu da digər türk dövlətləri arasında elm və mədəniyyət sahəsində daha yeni perspektivlərin yarandığına işarə edir.

A.Aktaş bu elmi-tarixi nailiyyətdən dolayı Beynəlxalq Türk Akademiyasını təbrik edib. O, Bursanın 2022-ci ilin "Türk dünyasının mədəniyyət paytaxtı" olaraq genişmiqyaslı tədbirlərə ev sahibliyi etməsindən məmnun olduğunu söyləyib. A.Aktaş vurğulayıb ki, Bursa bələdiyyəsi bu mövzular ətrafında təcrübəsini 2023-cü il "Türk dünyasının mədəniyyət paytaxtı", qədim Azərbaycan torpağı Şuşa şəhəri ilə bölüşəcək.

Təqdimatdan sonra memorial kompleksin və türk tarixinə aid arxeoloji abidələrin fotoşəkillərindən ibarət sərginin açılışı olub.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus abidə kompleksi aşkarlanıb. Kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir. Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilib. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Xatırladaq ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi