Yuxarı

Balakən sakinləri Əbülfəs Qarayevdən rayonda Tamburçular Mərkəzinin yaradılmasını xahiş ediblər

Mədəniyyət və turizm naziri Şəki, Balakən, Qax, Oğuz və Zaqatala sakinlərini qəbul edib

Bakı. 19 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da əhali ilə növbəti görüşünü Şəki şəhərində keçirib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şəki şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Abdulxalıq hamamının dam örtüyünün bərpası, rayondakı 2 saylı Uşaq musiqi məktəbinin yeni binasının tikilməsi, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri qədim musiqi alətimiz olan tamburun yaşadılması məqsədilə tamburçular mərkəzinin yaradılması, Pəri qalasının təmir-bərpa olunması, rayonda turizmin inkişaf etdirilməsi üçün turizm dayanacaq mərkəzinin qurulması barədə olub.

Qax rayonundan qəbula gələnlər rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq teatrında tamaşaların keyfiyyətinin yüksəldilməsi üçün tanınmış rejissorların dəvət olunması, Uşaq incəsənət məktəbində təsviri sənət və rəqs siniflərində şagird qəbulu planının artırılması ilə bağlı xahişlərini diqqətə çatdırıb.

Oğuz sakinləri Azərbaycan tarixinə, vətənpərvərlik mövzusuna aid mahnılardan ibarət kitabın hazırlanması, rayon Tarix-diyarşünaslıq muzeyinin bədii tərtibatının yenilənməsi, kitabxanalara uşaq ədəbiyyatı və kənd təsərrüfatına dair yeni nəşrlərin verilməsi, Muxas qülləsinin bərpası barədə müraciətlər səslənib.

Bundan əlavə, Zaqatala rayonunda "Gənclərin folklor festivalı"nın keçirilməsi, mədəniyyət müəssisələrinin uşaq filmləri ilə təmin olunması və digər məsələlərə bağlı müraciətlər diqqətə çatdırılıb.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar maraqlı təkliflər, təşəbbüslər irəli sürülür.

Ə.Qarayev deyib ki, belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylər ekspozisiyaların yenilənməsi, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı təkliflərin olduğunu deyib: "Əvvəlki qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına xüsusi həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər".

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. O bildirib ki, turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: "Bu gün turizm Azərbaycanda sürətlə inkişaf edir və iqtisadiyyatın qeyri-neft sektoru sırasında əsas prioritet istiqamətlərdən biridir. Ölkəmizdə yeni turizm rekreasiya zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Bu il ölkəmizə Rusiya, Qazaxıstan, İran, Körfəz ölkələri və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayında xeyli artım müşahidə olunur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi