Müqəddəs Məryəmin qucağında İsa TƏSVİRİ: İlk Papanın dəfn olunduğu yerdən REPORTAJ

Müqəddəs Məryəmin qucağında İsa TƏSVİRİ: İlk Papanın dəfn olunduğu yerdən REPORTAJ Tarixi və əzəmətli tikililərin ağırlıq təşkil etdiyi Romaya təbii gözəllik elementlərini, əsasən, Tibr çayı və onun ətrafını bəzəyən ağaclar qatır. İtaliyanın uzunluğuna görə üçüncü ən böyük çayı olan Tibr Romanın içindən keçərək şəhəri iki hissəyə ayırır
Mədəniyyət siyasəti
15 İyul , 2023 14:45
Müqəddəs Məryəmin qucağında İsa TƏSVİRİ: İlk Papanın dəfn olunduğu yerdən REPORTAJ

Tarixi və əzəmətli tikililərlə zəngin Romaya təbii gözəllik elementlərini şübhəsiz ki, Tibr çayı və onun ətrafını bəzəyən ağaclar qatır. İtaliyanın uzunluğuna görə üçüncü ən böyük çayı olan Tibr Romanın içindən keçərək şəhəri iki hissəyə ayırır. Bir tərəfdə əzəmətli abidələrin yerləşdiyi tarixi mərkəz, digər tərəfdə isə Papalıq anklavı olan Vatikan dayanır. Bu gün Tibrın üzərində bir neçə simvolik körpü də yerləşir ki, bunlardan ən məşhuru Müqəddəs Mələk qəsrinə aparan və elə mələk heykəlləri ilə bəzədilmiş “Ponte Sant'Angelo” körpüsüdür. Digər məşhur körpü isə dükanlarla bəzədilən və Tibr adasını tarixi “Trastevere” məhəlləsi ilə birləşdirən “Ponte Vecchio” körpüsüdür. Lakin mənim Vatikana getmək üçün üzərindən keçdiyim körpü Ədliyyə Sarayının düz qarşısında yerləşən I Umberto körpüsü oldu. Bu körpü digərləri qədər dəbdəbəli olmasa da, axşam saatlarında Sarayın mükəmməl işıqlandırma sistemi hesabına həm o, həm də Tibr suları xüsusi bir canlılıq qazanır. Körpünün üzərində dayanaraq bir neçə dəqiqəlik həm Müqəddəs Pyotr bazilikasının uzaqdan yaşıl sulara qərq olan görüntüsünə, həm də Ədliyyə Sarayının möhtəşəm memarlığına tamaşa edə bilərsiniz. Saraydan söz düşmüşkən bildirim ki, bura XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilib. Hazırda İtaliyada Kassasiya Məhkəməsinin, eləcə də İctimai Məhkəmə Kitabxanasının iqamətgahı kimi xidmət göstərir və Romanın yeni tikililəri arasında ən uğurlu memarlıq nümunələrindən biri hesab olunur.

Ədliyyə Sarayından bir az irəlidə, Vatikana gedən yolun üzərində isə az əvvəl də adını çəkdiyim Müqəddəs Mələk qəsri yerləşir. Eramızın 135-139-cu illərində, yəni Qədim Roma dövründə Roma imperatoru Adrianın göstərişi ilə məqbərə olaraq ucaldılan bu qəsrdə Adrian da daxil olmaqla bir çox Roma imperatorların qəbri yerləşir. Ümumilikdə isə məkan tarixən müxtəlif məqsədlər üçün istifadə edilib. Belə ki, quruluş bir müddət sonradan hərbi qalaya çevrilərək şəhərin müdafiə sisteminə daxil edilib. Siyasi iğtişaşlar zamanı isə bura papalar üçün sığınacaq və yüksək rütbəli məhbuslar üçün həbsxana kimi xidmət göstərib. Hazırda isə muzey olaraq fəaliyyət göstərir. Əsrlər boyu aparılan təmir işlərinə görə bina bu gün özündə Qədim Roma, orta əsrlər və İntibah memarlığı elementlərini təcəssüm etdirir.

Qəsrdə orta əsrlərin əsas elementi onu Müqəddəs Pyotr Bazilikası ilə bağlayan dəhlizdir. “Passetto di Borgo” kimi tanınan və 800 metr uzunluğu olan bu yeraltı dəhliz fövqəladə hallar və ya mühasirələr zamanı papalar üçün qaçış yolu kimi salınıb. Ancaq buranı məşhurlaşdıran əsas detal ona XVIII əsrdə əlavə edilmiş baş mələk Mikayılın heykəlidir. Çünki elə buranın “Müqəddəs Mələk qəsri” adlanması da baş mələklə əlaqəlidir. Lakin bu əlaqə XVIII əsrdən çox əvvələ, 6-cı əsrə aid bir rəvayətə söykənir. Həmin rəvayətə görə, eramızın 590-cı ildə Roma vəba xəstəliyindən əziyyət çəkdiyi bir vaxtda Papa Böyük Qriqori qalanın zirvəsində baş mələk Mikayılı qılıncını qınına qoyarkən görür. Bu, vəbanın sonuna işarə və ilahi bir qoruma kimi qəbul edilir və hadisədən dərhal sonra qala Mikayılın şərəfinə “Castel Sant'Angelo” (Müqəddəs Mələyin qalası) adlandırılır.

Tibrın qərb sahilində ziyarət edilməli ən əsas memarlıq incisi isə Müqəddəs Pyotr Bazilikasıdır. Dünyanın ən böyük kilsələrindən olan bu bazilika, bildiyiniz kimi, ərazisinə və əhalisinə görə dünyada beynəlxalq səviyyədə tanınmış ən kiçik müstəqil dövlət olan Vatikanın sərhədləri daxilində yerləşir. Hesab edirəm ki, kilsənin təsvirinə keçməzdən öncə, bu kiçik şəhər-dövləti haqqında qısaca məlumat vermək yerinə düşər. Çoxlarına məlum olduğu üzrə, Vatikan Papa tərəfindən idarə olunan teokratik monarxiyadır. Ölkənin ümumilikdə 800 nəfərə yaxın əhalisi var ki, onların da əksəriyyəti ruhanilər, keşişlər, yepiskoplar və kardinallardır. Etnik tərkib italyan və isveçrəlilərdən ibarətdir, çünki Vatikan qvardiyası birbaşa isveçrəlilərdən təşkil olunub. Vatikan bu gün bir çox ölkələr və beynəlxalq təşkilatlarla sıx diplomatik əlaqələr saxlamaqdadır, yəni siyasi arenada kifayət qədər aktiv bir dövlətdir. Şəhər-dövlətinin əsas görməli yeri isə məhz Müqəddəs Pyotr Bazilikasıdır.

Bazilika İsa Məsihin on iki həvarisindən biri və ilk Roma Papa olan Müqəddəs Pyotrun dəfn olunduğu yerdə 1506-1626-cı illər arasında tikilib. Elə buna görə də xristianlıqda ən müqəddəs yerlərdən biri hesab olunur. Ancaq qeyd etməliyəm ki, bu ərazidə ilk kilsə IV əsrdə inşa olunub. XVI əsrə qədər fəaliyyət göstərən həmin kilsə yaddaşlarda Köhnə Müqəddəs Pyotr Bazilikası kimi qalıb. Onun yerində ucaldılan mövcud bazilikaya Mikelancelo və Bernini də daxil olmaqla 10 nəfər memarlıq edib. Ancaq məşhur günbəzi məhz Mikelancelo tərəfindən dizayn olunub. Hətta onlarla sənət nümunəsinə evsahibliyi edən bazilikanın ən diqqətçəkən parçası da Mikelancelonun Bakirə Məryəmin qucağında Məsihin cəsədini təsvir etdiyi “Pieta”sıdır. Bu əsər bazilikaya daxil olduqdan sonra sağdakı birinci kapellada yerləşir. Ümumilikdə Müqəddəs Pyotr Bazilikasının interyeri dəhşətli dərəcədə möhtəşəmdir və burada müxtəlif müqəddəslərə, papalara həsr olunmuş bir neçə kapella mövcuddur. İntibah və Barokko memarlıq üslublarını özündə birləşdirən kilsə 136 metr hündürlüyə malikdir. Fasadı heykəllər və mürəkkəb detallarla, o cümlədən də Papanın xeyir-dua verdiyi mərkəzi eyvanla bəzədilib. Müqəddəs Pyotr Bazilikası kilsədən daha çox muzeyə bənzəsə də, burada mühüm dini mərasimlər, o cümlədən Papanın tacqoyma mərasimi təşkil olunur. Müqəddəs Pyotrun məzarı katoliklər üçün əhəmiyyətli bir ziyarət yeri olduğuna görə, hər il dünyanın dörd bir yanından ziyarətçilər buraya axın edir. Bazilikanın qarşısında isə Müqəddəs Pyotr meydanı yerləşir və meydan iki tərəfdən hündür kollonada ilə əhatə olunur. Bazilika meydandan hündür pilləkənlər ayrılır. Romada onlarla kilsəni ziyarət etmə imkanım olsa da, bu İtaliya səfərim çərçivəsində gördüyüm ən möhtəşəm kilsələrin məhz Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikası və Kassinodakı Monte Kassino kilsəsi olduğunu əminliklə qeyd edə bilərəm.

Ancaq bununla belə, Roma daxilində gözəlliyindən zövq alacağınızı düşündüyüm bir neçə kilsə var ki, buraya Xalq meydanında yerləşən və “əkiz kilsələr” kimi də tanınan oxşar memarlıq üslubuna malik “Santa Maria dei Miracoli və Santa Maria in Montesanto” kilsələrini; Termini dəmir yolu stansiyası yaxınlığında yerləşən, Böyük papalıq bazilikası olan və Romanın yeddi zəvvar kilsəsindən biri hesab edilən Müqəddəs Məryəm Bazilikasını; II Viktor Emmanuel abidəsinin yaxınlığında, “Piazza Venezia”da yerləşən XVI əsrə aid “Santa Maria di Loreto” kilsəsini; “Piazza Navona” yaxınlığında inşa edilmiş “Santa Maria della Pace” kilsəsini daxil etmək olar. Adətən, kilsələrin əksəriyyəti məşhur simvolik tikililərin yaxınlığında yerləşdiyi üçün Roma səfəriniz çərçivəsində sadaladıqlarımdan əlavə, bir çox ibadət evini görmək imkanınız mütləq ki, olacaq.

Son xəbərlər

Orphus sistemi