Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçiriləcək.
Bu barədə "Report" nazirlikdən məlumat verilib.
Bildirilib ki, I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.
Festival klassik musiqi sədaları ilə açılacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənəcək.
Növbəti konsertdə çıxış edəcək kvartetin tərkibinə Argentina, Belçika və Estoniyadan ən yaxşı musiqiçilər daxildir. Onları köhnə tanqo ənənəsinə olan ümumi ehtiras birləşdirir, onların köhnə və yeni tanqo klassikasının birləşməsindən yaranmış oynaq və nikbin musiqi alovunu Azərbaycandan hərarətli rəqs duetləri müşayiət edəcək.
Maks Villavekkia və Los Avrora qrupunun çıxışı flamenkoda, sanki artıq oturuşmuş klassikada yeni nəfəsdir. Flamenko səhnəsində xariqələr yaradan insanlar Bakıdadırlar.
Qırğızıstanlı Vikram Ruzaxunov bütün Mərkəzi Asiya regionunda cazın populyarlığında mühüm rol oynamış məşhur caz pianoçusudur.
Güvenç Dağüstün və Tanini Trio-nun musiqisi hər biri uğurlu beynəlxalq karyeraya malik eklektik və maraqlı musiqiçilərin ifasında yaranan türk bədii lirik mahnısıdır.
Valid Ağayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatlarının çıxış edəcəyi “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti.
Kəmalə Əlizadənin müasir musiqi axşamı. K.Əlizadə Azərbaycanla İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, İsrail, Niderland Krallığı, İtaliya arasında keçirilən “Dante ilə Füzuli dialoqu” kimi müxtəlif festivallarda bədii rəhbər, bəstəkar və pianoçu kimi fəaliyyət göstərib.
Vadim Abramov təkcə virtuoz piano ifaçısı deyil, o, ilk növbədə, emosional, rəqsə dəvət edən və həmişə heyrətamiz harmoniyalarla ilhamlandıran, ovsunlayan və cazibədar bir ab-havadır.
Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə Tərlan Növrəslinin yeni "Qarabağıma gəl" kitabının təqdimatı. Tərlan Növrəsli minlərlə romantik fəlsəfi şeirin, romanların, poemanın, elmi məqalələrin, dərsliklərin, proqramların, tədris-metodiki əsərlərin, müxtəlif nəşrlərdə çap olunmuş elmi məqalələrin müəllifidir.
Helqe Lin. İki ənənənin – Amerika və Skandinaviyanın sintezi. Müxtəlif mədəniyyətlər arasında körpülər qurmaq və təzadlarla məşğul olmaq həmişə onun yanaşmasının mərkəzində olub. Bu körpü geniş, ornamental və melodikdir. O, texniki virtuozluğu ilə, həyəcanlandıra bilən formaların zənginliyi, ilham və təsir imkanlarının geniş spektri ilə valeh edir, bu, müasir həyatla qırılmaz əlaqədir. O, introspektiv, minimal və ritmikdir.
Səidə Zülfüqarovanın ifasında Qriqin fortepiano konserti solo karyerasından kamera musiqisinə qədər şoular yaratmaqdan tamamilə fərqli mənşəli sənətçilərlə çıxış etməyə, enerjili, innovativ senarilərə qədər onun zəngin, axtaran və araşdıran şəxsiyyətini parlaq şəkildə əks etdirir. Eləcə də Vurğun Vəkilovun ifasında S.Raxmaninovun möhtəşəm II konserti. Adı gənc istedadların “Qızıl kitabı”na düşən və xüsusi aylıq təqaüdə layiq görülən klassik pianoçu. 2017-ci ildə "Prezident Gənclər Mükafatı"na layiq görülüb və hazırda Alfred Kortonun sinfində, "Ecole Normale de Musique de Paris"-də təhsil alır.
Marek Novotnı bir çox musiqi layihələri və ansambllar ilə eksperimentlər aparıb və qastrollarda olub. Onun son musiqi təcrübələri Chang-Şa/ÇİN Festivalının Qran Prisinə layiq görülüb.
Züleyxa Usubova, Rövşən Əmrahov və Əyyub Əliyev Bakıdan olan üç istedadlı musiqiçidir. Onları müsabiqələrdəki qələbələr, uğurlu musiqi layihələri və musiqiyə böyük sevgi birləşdirir.
Festivalın bağlanışı maestro Şahin Növrəslinin çoxdan gözlənilən konsertidir. Caz, klassik və muğamın çılğın vəhdəti, istənilən tamaşaçını heyran edəcək ifa tərzi.
Festivalın şüarı: "Piano sizə ilham versin!"
Festivalın veb saytı: https://bakupianofestival.com/