Bakıda “EuroVillage 2022”nin açılışı olub

Bakıda “EuroVillage 2022”nin açılışı olub Bu gün Bakı bulvarında “EuroVillage 2022” Avropa Şəhərciyinin açılışı olub.
Mədəniyyət siyasəti
14 May , 2022 13:58
Bakıda “EuroVillage 2022”nin açılışı olub

Bu gün Bakı bulvarında “EuroVillage 2022” Avropa Şəhərciyinin açılışı olub.

“Report” xəbər verir ki, açılışda Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko iştirak edib.

“Avropa Şəhərciyi Avropaya açılan pəncərədir, Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən və onlara Aİ ilə Azərbaycanın birgə qurduqları möhkəm tərəfdaşlıq haqqında məlumat verməkdən məmnunuq”, - səfir deyib.

Tədbirin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Elnur Əliyev də iştirak edib və o, pandemiya səbəbindən bu illik tədbirin bir neçə ildir Bakıda keçirilmədiyini xatırladıb. “Bu müddətdə çox şey baş verib. Bütün dünya pandemiya ilə mübarizə apararkən Azərbaycan fərqli mübarizə aparırdı. Biz sübut etdik ki, himnimizdəki hər sözü yerinə yetirmək iqtidarındayıq. Ərazi bütövlüyümüzü bərpa edə bildik”, - nazir müavini bildirib. Onun sözlərinə görə, vətən hər bir azərbaycanlı üçün müqəddəsdir.

Nazir müavini qeyd edib ki, Azərbaycan həmişə müxtəlif mədəniyyətlərin vətəni olub və bugünkü tədbir Azərbaycan mədəniyyəti ilə Aİ ölkələrinin mədəniyyətini bir-birinə daha da yaxınlaşdıracaq.

“Biz bütün dünyaya Azərbaycan mədəniyyətinin və tarixinin zənginliyini göstərməyə çalışırıq. Bunda multikultural dəyərlər də mühüm rol oynayır. Ona görə də bu layihəni dəstəkləyirik və Avropa ölkələri ilə mədəniyyət sahəsində digər oxşar layihələri həyata keçirməyə hazırıq. Avropa İttifaqı Azərbaycan üçün həm iqtisadi, həm də mədəni sahədə mühüm tərəfdaşdır”, - E.Əliyev vurğulayıb.

“Avropa Şəhərciyi”nin ziyarətçiləri Aİ-yə üzv dövlətlərin stendlərinə baş çəkməklə birlik barədə, eləcə də Aİ-nin Azərbaycanda dəstəklədiyi təhsil, regional inkişaf, səhiyyə və s. layihələr barədə daha çox məlumat əldə edəcəklər. “ERASMUS +” layihəsi Avropada təhsil yolları barədə gənclərə məlumat və məsləhət verəcək. Həmçinin “EuroVillage” zamanı şahmat yarışları, idman tədbirləri və s. keçiriləcək.

“EuroVillage 2022” ictimaiyyətə Aİ, onun dəyərləri və fəaliyyəti, o cümlədən Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq haqqında daha çox məlumat əldə etmək imkanı verir. Tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ üzvü olan ölkələrin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi