Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Mariya Teatrının rəhbərliyi ilə görüşüb.
Report-un Rusiya bürosunun məlumatına görə, tərəflər iki ölkə arasında mədəni əlaqələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Mariya Teatrının bədii rəhbəri Valeriy Gergiyev teatrının keçmiş və indiki əməkdaşları - azərbaycanlı solistlərin ustalıq səviyyəsini yüksək qiymətləndirib. Xüsusilə teatrın solisti Regina Rüstəmovanın peşəkarlıq səviyyəsi qeyd edilib.
V.Gerqiyev Sultan Qasımovla Azərbaycana son səfəri haqqında xoş təəssüratlarını bölüşüb. O, dahi Azərbaycan bəstəkarı Arif Məlikova yüksək hörmətini ifadə edib. Maestro Gerqiyev Heydər Əliyev Fondu ilə birgə mədəni layihələrin təşkilində maraqlı olduqlarını bildirib.
Öz növbəsində, baş konsul Sultan Qasımov Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi və mədəni irsinə dair çoxlu tədbirlərin bütün dünyada, o cümlədən Rusiyada keçirilməsini qeyd edib.
Görüşün sonunda tərəflər Mariya Teatrı və Baş Konsulluq arasında əlaqələrin genişləndirilməsi, həmçinin Azərbaycana səfərlərinin təşkili barədə razılığa gəliblər.