Mərakeşdə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə bu ölkənin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib. Görüşdə əməkdaşlıq məsələsi müzakirə olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.
Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşdilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib.
A.Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.