Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib 

Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib  Aprelin 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkəmizdə keçirilən Belarus Mədəniyyət Günləri çərçivəsində iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Mədəniyyət nazirinin müşaviri Cahangir
Mədəniyyət siyasəti
3 Aprel , 2024 21:29
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkəmizdə keçirilən Belarus Mədəniyyət Günləri çərçivəsində iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

"Report" xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən görüşdə iştirakçılar iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparıblar.

Söhbət zamanı xüsusilə Azərbaycan və Belarus milli kitabxanaları arasında əlaqələr, muzey işi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, mədəni əlaqələr gənc nəsillərə qarşılıqlı olaraq milli mədəni irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Belarusun Mogilyov Vilayəti Mədəniyyət İdarəsinin rəisi Aleksandr Jiqun bildirib ki, qarşıda duran məqsəd mədəniyyət sahəsi ilə xalqlarımız arasında körpü yaratmaqdır. Diqqətə çatdırılıb ki, Bakıda keçirilən mədəniyyət günləri çərçivəsində kino, kitabxana, muzey və rəssamlıq sahəsində əməkdaşlıqla bağlı görüşlər təşkil olunub, danışıqlar aparılıb. Belarus və Azərbaycanın dövlət başçılarının dostluq münasibətləri təkcə siyasi, sosial-iqtisadi sahədə deyil, mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirilməsini tələb edir. Xalqlarımızı birləşdirən və maraqlarına xidmət edən cəhətlər çoxdur və bu, mədəni sahədə birgə layihələrə yol açmalıdır.

Görüşdə hər iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirakın əhəmiyyəti vurğulanıb. “Belarusfilm”in rəhbərliyi ilkin addım olaraq Belarusda Azərbaycan kinosu günlərinin keçirilməsi təklifini səsləndirib.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Həmçinin Mogilyov Mədəniyyət İdarəsinin rəisi ötən il Belarusda təşkil edilən “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş gənc azərbaycanlı rəssam Mehriban Əliyevaya diplom və mükafat təqdim edib.

Son xəbərlər

Orphus sistemi