Avstriya Azərbaycanlıları Cəmiyyəti Avstriya Respublikasının Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Bir olaq, həmrəy olaq” adlı Novruz şənliyi keçirib.
Bu barədə “Report”a Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.
Tədbiri giriş sözü ilə Cəmiyyətin rəhbəri Fərid Əzizov açıb. Tədbir iştirakçıları Vətən Müharibəsində canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. F.Əzizov iştirakçıları bahar bayramı münasibətilə təbrik edib. O, Novruzun ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıraraq bildirib ki, xalqımızın bu günə qədər yaşatdığı, gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi əks etdirir.
Salzburg şəhəri bələdiyyə nümayəndəsi Dr.Tarık Mete tədbirin önəmindən birlik və bərabərliyin xüsusi vacibliyindən söz açıb. Qüdrətli Azərbaycanın bu gün regionda söz sahibi olmasından, Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birlik və bərabərlik üçün vacib fəaliyyətindən bəhs edib.
Sloveniya Azərbaycan Türk Mədəniyyətlər Assosiasiyasının rəhbəri Taleh Qurbanov çıxışında Avstriyada yaşayan həmyerlilərimizi təbrik edərək, bayramın önəmindən, xalqımızın adət-ənənələrindən söz açıb.
Avstriyada fəaliyyət göstrən Cənubi Azərbaycan icmasının rəhbəri Dr.Fərzad Səyyadzadə Azərbaycanın hər tərəfinin onun üçün əziz olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçılarına Novruz təamları təqdim olunub və tədbir Azərbaycanlı musiqiçilərin çıxışları ilə davam edib.