"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.
Bu barədə "Report"a İTV-dən bildirilib.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:
• göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
• iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
• Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
• mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.