İtaliya Ticarət Agentliyi (İTA) üçün mədəniyyət Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Bunu “Report”a müsahibəsində İTA-nın Bakıdakı direktoru Andrea Makkaniko deyib.
“Bizim üçün mədəni aspekt biznesdən daha vacibdir. Azərbaycanda insanların yüksək keyfiyyətli italyan kostyumlarının, ölkəmizin dadlı yeməklərinin və yüksək keyfiyyətli şərab istehsalının arxasında zəngin tarix və mədəniyyətin dayandığını duymasına xüsusi diqqət yetiririk. Biz əsl İtaliyanı, həqiqi “Made in Italy” brendini, italyan yeməklərinin necə hazırlandığını nümayiş etdirmək məqsədilə müxtəlif tədbirlər təşkil edirik. Biz həmçinin Azərbaycanda hotel-restoran biznesinin əməkdaşlarına əsl italyan keyfiyyətini fərqləndirməyi öyrədirik. Bu səylər sayəsində biz yerli restoran və barlarla əla əlaqələr qurmuşuq”, - o vurğulayıb.
Onun sözlərinə görə, bununla bağlı ideya ondan ibarətdir ki, xidmət sektorunun nümayəndələrinə İtaliya təcrübəsini tətbiq etməyə dəstək olmaq, azərbaycanlı müştərilərin reaksiyasını qiymətləndirmək və ola bilsin ki, yerli mədəniyyətə italyan həyat tərzinin elementlərini daxil etməkdir.