Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib.
İdarədən "Report"a verilən məlumata görə, Silahlı Qüvvələrin zabit və əsgər heyətinin iştirak etdiyi tədbir 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunub.
Milli Məclisin deputatı Vahid Əhmədov 20 Yanvar faciəsi barədə məlumat verib: "Bir gün ərzində Bakıda 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan bu tarix misli görünməyən faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutanlar şəhidlik zirvəsinə ucalıb".
Deputat Asim Mollazadə 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bu gün uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir".
Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin hər il umumxalq hüzn günü kimi qeyd olunduğunu bildirilib. O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik olduğunu vurğulayıb.
Tədbirdə incəsənət ustaları tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, müğənni Eldəniz Məmmədov çıxış edib. Bəstəkar-müğənni Elza Seyidcahanın “Şəhidlər balladası”na hazırlanmış kompozisiyası Azərbaycan Dövlət Pontomim Teatrının aktyorları tərəfindən ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın “Tarixin acısı-Qan yaddaşımız” adlı sənədli film də nümayiş olunub.