Polşa krallarının məzarlarının yerləşdiyi Vavel qəsri və Qarabağ xalçasının saxlandığı muzeydən REPORTAJ

Polşa krallarının məzarlarının yerləşdiyi Vavel qəsri və Qarabağ xalçasının saxlandığı muzeydən REPORTAJ Krakov Qədim şəhərinin əsas tarixi küçələrindən biri də Florianska küçəsidir. XIII əsrdə monqol istilasından sonra salınmış küçə 2007-ci ildə “Wprost” jurnalında Polşada üçüncü, Krakovda isə birinci ən prestijli küçəsi kimi qiymətləndirilib. Küçə özündə V
Maraqlı
17 May , 2023 09:57
Polşa krallarının məzarlarının yerləşdiyi Vavel qəsri və Qarabağ xalçasının saxlandığı muzeydən REPORTAJ

Krakov Qədim şəhərinin əsas tarixi küçələrindən biri də Florianska küçəsidir. XIII əsrdə monqol istilasından sonra salınmış küçə 2007-ci ildə “Wprost” jurnalında Polşada üçüncü, Krakovda isə birinci ən prestijli küçəsi kimi qiymətləndirilib. Küçə özündə Vavel qəsrinədək uzanan Kral Yolunun başlanğıcını ehtiva edir. Milad yarmarkası daxil olmaqla il ərzində bir çox festival və tədbirlər burada keçirilir. Ərazidə yerləşən kafe və restoranlar isə olduqca maraqlı dizayna sahibdirlər. Eləsi var köhnə divarlar rəngli dekorlarla bəzədilib, eləsi də var ki, müasir məkana köhnə ağ-qara şəkillərlə canlılıq qatılıb.

Küçənin şimal ucunda məşhur Müqəddəs Florian Qapısı yerləşir. Qotik üslubda ucaldılmış bu tikili şəhəri yanğınlardan qoruduğuna inanılan Polşanın himayədarı Müqəddəs Florianın şərəfinə belə adlandırılıb. Krakovun orta əsr müdafiə divarlarından geridə qalan yeganə qapıdır, vaxtilə Qədim şəhərə əsas girişi təşkil edib. Qapının dizaynına 33 metr uzunluğu olan mərkəzi qüllə və hücum zamanı keçidi bağlamaq üçün endirilə bilən portkullis daxildir. Deyilənə görə, İkinci Dünya müharibəsi zamanı nasistlər onu sökmək istəyiblər, lakin yerli əhali etiraz edərək bunu əngəlləyib. Qapının cənub üzündə Müqəddəs Florianın barelyefi, şimal üzündə isə rəssam Jan Matejkonun dizaynına əsaslanan daş qartal təsvir olunub. Tarixinin qaranlıq səhnələrindən qopub sənətsəlləşməni bacarmış qala qapısının qarşısında bu gün foto-sərgilər təşkil edilir. Krakovun maraqlı məkanları ilə bağlı çəkilmiş rəsmlər burada satışa çıxarılır, qiymətləri də olduqca münasibdir, Krakovdan doğmalarına və ya öz evinə hədiyyə aparmaq istəyənlər üçün uğurlu seçim ola bilər.

Qapıdan bir az irəlidə sizi Çartyorski muzeyi qarşılayır. Onun ilkin kolleksiyası 1796-cı ildə şahzadə İzabela Çartoryska tərəfindən yaradılıb. Ancaq Polşanın ən qədim sənət muzeylərindən olan məkan rəsmi fəaliyyətə 1878-ci ildə başlayıb. Burada müxtəlif dövrlərə aid geniş sənət və artefakt kolleksiyaları saxlanılır. Kolleksiyanın ən diqqətçəkən əşyalarından biri Leonardo da Vinçinin məşhur “Xanım gəlincik ilə” (The Lady with an Ermine) tablosudur. Bu rəsmi siz Krakovdakı bütün suvenir mağazalarında suvenirlərin üzərinə həkk olunmuş şəkildə də görə bilərsiniz. Bir növ şəhərin simvoluna çevrilib.

Krakovun ən məşhur və zəngin muzeyi isə təbii olaraq Krakov Milli muzeyidir. 1879-cu ildə yaradılmış muzey sənət əsərlərinin aid olduğu dövrə görə 21 şöbədən ibarətdir. Burada 11 qalereya, 2 kitabxana və 12 konservasiya emalatxanası mövcuddur. Muzeydə klassik arxeologiyadan müasir incəsənətə qədər 700 mindən çox əsərə sərgilənir. Sənət kolleksiyaları içərisində Polşa incəsənət nümunələrinə xüsusi yer verilib. İl ərzində yüz minlərlə insanın ziyarət nöqtəsi olan məkanda Azərbaycana aid də nümunələr mövcuddur. Belə ki, xalçaların qorunduğu hissədə Qafqaz xalçası başlığı altında nümayiş olunan XIX əsrə aid Qarabağ xalçasını görə bilərsiniz. Bundan başqa, Azərbaycana aid olduğu qeyd edilən şamdan, keramika bölümündə isə XVII və XIX əsrlərə aid çiçək motivli boşqab və kasalarımızla da tanış ola bilərsiniz.

Krakovda gəzib görüləsi yerlər o qədər çoxdur ki, onların hamısını hiss etmək üçün gərək vaxtla dostlaşasınız. Elə təkcə Vavel qəsrini başdan sona gəzmək üçün iki-üç saata ehtiyacınız var. Çünki Krakova gəlib Vavel qalasını duymadan qayıtmaq Bakıya gedib Şirvanşahlar sarayını görməmək kimi bir şeydir. Ona görə də buranı özümüzə son destinasiya seçdik. 1330-1370-ci illərdə III Kazimerin əmri ilə Visla çayının sol sahilində, Vavel təpəsinin üzərində, dəniz səviyyəsindən 228 metr yüksəklikdə inşa edilmiş qəsr kompleksinə Kral Qalası və Vavel kafedralı ilə birlikdə tarixi və milli əhəmiyyətə malik çoxsaylı binalar daxildir. Bütün Avropa memarlıq üslublarını özündə birləşdirmiş kompleks 1978-ci ildə Krakovun Tarixi Mərkəzinin bir hissəsi kimi Dünya İrsi Siyahısına daxil edilib. Burada bir neçə kralın tacqoyma mərasimi keçirilib. Hətta paytaxt Krakovdan Varşavaya köçürüləndən sonra belə krallar taclarını məhz Vaveldə taxıblar. Maraqlı məqam odur ki, kralların sadəcə doğuluşunun yox, ölümlərinin də ucu buraya bağlanıb. Belə ki, Polşa monarxlarının hamısı Vavel kafedralında dəfn olunublar. Hətta İstanbulda, o vaxtkı adı ilə Konstantinopolda həyatını itirmiş polyakların sevimli şairi Adam Mitskeviç və 2005–2010-cu illərdə Polşanın prezidenti olmuş Lex Kaçinskinin qəbri də burada yerləşir. Bəlkə də Vaveli belə əzəmətli qılan elə qüdrətli kralların və polyakların inqilabçı şairinin cansız bədənidir...

Onlarla kralın iqamətgahı olmuş qəsrdən İkinci Dünya Müharibəsi zamanı nasistlər Krakovdakı qərargah kimi istifadə ediblər və həmin dövrdə burada bir çox misilsiz artefaktı məhv ediblər. 1945-ci ildən isə qala Polşanın Dövlət İncəsənət muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. 2022-ci ildə 1,8 milyona yaxın ziyarətçi ilə ölkədə ən çox ziyarət edilən incəsənət muzeyi olub. Bizim ziyarətimiz zamanı da çoxlu sayda insan vardı. Muzeyə, sərgi salonlarına giriş ödənişli olsa da, ümumi qəsrin ərazisinə heç bir ödəniş etmədən daxil ola bilərsiniz. Qalanın içərisində ən turistik yerlərdən biri Vavel əjdahası heykəlinin quraşdırıldığı hissədir. Onun əfsanəvi Polşa şahzadəsi, Krakovun qurucusu Krakus tərəfindən öldürülən mifik əjdahanı təmsil etdiyi deyilir. Bir neçə dəqiqədən bir alov püskürən əjdaha qonaqlar, xüsusilə də uşaqlar və yeniyetmələr üçün olduqca maraqlı bir atributdur. Ümumilikdə, Vavel qəsri bütün parçaları ilə sizə özünüzü Krakovdakı digər məkanlardan daha yaxşı hiss etdirir. Burada bütünlüklə başqa əhvala bürünürsünüz. Təkcə ən zirvədə dayanıb Visla çayını izləmək belə ruhunuzu elə oxşayır ki, su pərisi olub onun duru sularında üzmək, ləpələrinin pıçıltısını eşitmək istəyirsiniz. Ona görə yolunuz düşsə, mütləq buranı ziyarət edin.

Son xəbərlər

Orphus sistemi