Bakı. 5 oktyabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərində yaşayan 52 yaşlı Məhəmməd Əbdül Qədirin 2,3 milyard Pakistan rupisi (18 milyon ABŞ dollarından artıq) olan bank hesabı üzə çıxıb.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, şəhərin yoxsul məhəlləsində yaşayan və son vaxtlaradək faluda deyilən qızılgül suyu, süd və əriştə qarışığı sataraq gündə 500 rupi (4,6 dollar) qazanan savadsız M.Ə.Qədir Federal Təhqiqatlar Agentliyində (FTA) dindirilənədək nə qədər böyük sərvət sahib olmasından xəbərsiz olub.
Belə ki, 2014-2015-ci illərdə açılmış həmin bank hesabından 2016-cı ildə bütün vəsaitin çıxarıldığı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. FTA əməkdaşları Qədirin adına açılan bank hesabı vasitəsilə naməlum mənşəli pulların yuyulduğu qənaətindədir. Ümumiyyətlə, müxtəlif aztəminatlı şəxslərin adına açılmış və milyardlarla məbləğdə vəsaitlərin ötürüldüyü 77 buna bənzər hesab aşkar edilib. Bu işlərdə sabiq prezident Asif Əli Zərdarinin də əli ola biləcəyi bildirilir.
M.Ə.Qədir isə bank hesabı haqqında xəbər yayılandan sonra tanışların ona milyarder deyərək ələ saldıqlarından gileylənir, bu məsələnin başına cəncəl açacağından, quldurlar tərəfindən qaçırılacağı qorxusundan küçəyə çıxmadığını deyir.