Tokio Yay Olimpiya Oyunları ərəfəsində Yaponiyaya gətirilən, lakin məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən Olimpiya məşəli müvəqqəti olaraq Yaponiyanın paytaxtındakı Olimpiya Muzeyinə yerləşdirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, məşəl sentyabrın 1-dən noyabrın 1-dək xüsusi şüşə qutunun içərisindən muzey ziyarətçilərinə nümayiş olunacaq.
Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Eyni zamanda, mövcud pandemiya şəraitində muzeyə bir saat ərzində cəmi 120 ziyarətçi buraxılır.
Yaponiya Olimpiya Komitəsinin sədri Yasuhiro Yamasita məsələ ilə bağlı bildirib ki, bu addımı mümkün qədər çox insanın Olimpiya məşəlini öz gözləri ilə görə bilməsi üçün atıblar.
Xatırladaq ki, Tokio Olimpiadası 24 iyul - 9 avqust 2020-ci il tarixləri aralığında keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən Oyunlar gələn ilə təxirə salındı. İndi yarışlar 2021-ci ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. Olimpiya məşəli isə təxirəsalma qərarından cəmi dörd gün əvvəl, mart ayında Yunanıstandan Yaponiyaya gətirilmişdi.