Arxeoloqlar Çinin şərqindəki Çjeciyan əyalətində təxminən 5300-5500 il yaşı olduğu təxmin edilən qədim düyü sahəsi aşkar ediblər.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Qədim düyü sahəsi əyalətin Ninbo şəhərinin Yuyao mahalında bu ilin avqust-oktyabr ayları arasında aparılmış qazıntılar zamanı aşkar edilib. Ümumi qazıntı sahəsinin min kvadratmetr olduğu qeyd edilir.
Arxeoloqlar üç yol kənarı (silsiləsi), doqquz çuxur, düyü və alaq otlarının qalıqları, suvarma və drenaj üçün xəndək və alimlərin fikrincə, düyü sahəsini yaşayış məntəqəsi ilə birləşdirmiş ola biləcək cığır tapıblar.
Mütəxəssislərin ilkin hesablamalarına görə, tapıntı Hemudu neolit mədəniyyətinin son dövrünə aiddir.
Alimlər hesab edirlər ki, bu kəşf keçmişin çəltik sahələri sistemini işıqlandıracaq, həm də ərazidə çəltikçiliyin tədqiqi üçün mühüm material rolunu oynayacaq.