Bakı. 2 dekabr. REPORT.AZ/ Britaniyanın Baby Centre İnternet portalında dərc edilmiş sorğunun nəticələrinə əsasən, yeni doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyar olanı Məhəmməd adıdır.
"Report"un BBC-yə istinadən xəbərinə görə, britaniyalı ekspertlər ötən il ərzində ölkədə ərəb adlarının populyarlığının artdığını qeyd edirlər.
Britaniyada Oliver adı 2-ci yerdə, Jack adı isə 3-cü yerdədir.
Britaniyanın ən populyar 100 ad siyahısına Ömər, Əli, İbrahim kimi adlar da düşüb.
Qızlara verilən adlar arasında isə ən populyarı Sophia adı olub. Sorğu müəllifləri qızlara verilən adlar arasında Məryəm və Nur ərəb qadın adlarının sürətlə populyarlaşdığını qeyd ediblər.
Eyni sorğunun nəticələrinə əsasən, Britaniya kral ailəsilə əlaqəli George, William və Harry kimi adlar isə son il ərzində populyarlıqdan düşüb.