Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub sağalandan sonra ölkədə piylənmə ilə mübarizəni gücləndirib.
“Report” RBC-yə istinadən xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Məlumata görə, artıq çəki koronavirusdan ölüm riskini artırdığına görə ölkədə zərərli qidaların reklamı məhdudlaşdırılıb.
Bildirilib ki, piylənmə Britaniyanın ən mühüm problemlərindən biridir. Belə ki, həddi-büluğa çatmış britaniyalıların 63%-də artıq çəki mövcuddur. Bundan başqa, ibtidai məktəbi bitirmiş hər üçüncü uşağa piylənmə və ya artıq çəki diaqnozu qoyulur.
Qeyd olunub ki, ölkə ərazisində saat 21:00-dək tərkibində yüksək yağ, şəkər və duz olan məhsulların reklamı həm TV, həm də internetdə qadağan ediləcək.
Bundan başqa, zərərli qidaların alışına təşviq edən “birini al, digəri hədiyyə” kimi reklamlar da qadağan ediləcək. Üstəlik, mağazalarda da bu cür qidaların ön sıralarda olmasının qarşısı alınacaq.