Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyi yüksək riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparanları məlumatlandırmağa başlayıb

    Vergilər Nazirliyi vergi ödəyicilərinin risklərinin azaldılması üçün daha bir yeniliyin tətbiqinə başlayıb
    © Report — Vergilər naziri Mikayıl Cabbarov

    Bakı. 7 dekabr. REPORT.AZ/ “Ötən illə müqayisədə bu il Vergilər Nazirliyi kameral yoxlamaların sayını 3 dəfə azaldıb”

    “Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Vergilər Nazirliyi məsafədən nəzarət və təhlil imkanlarını genişləndirib.

    “Təbii olaraq müxtəlif dövlət orqanlarında, açıq məkanda olan bu yeni datanın, yeni verilənlərin qanuni şəkildə toplanılması və emal edilməsi prosesi davamlı olaraq aparılır. Vergilər Nazirliyi vergi ödəyicilərini qanunvericiliyə uyğun olaraq risklərə bölür və təhlil edir. Son bir neçə həftə ərzində biz öz xidmətimizdə daha bir yeniliyin tətbiqinə başlamışıq. Əgər vergi ödəycisi riskli vergi ödəyicisi ilə hər hansı bir əqdi həyata keçirmək istəyirsə, ona avtomatik qaydada bir məlumat gedir. Ona bildirilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək risk qrupuna aiddir. Vergi ödəyicisi bu bildirişi elektron formada alır və öz qərarını verir. Bundan sonra o, əməliyyatın edilməməsi ilə bağlı qərar verirsə, bu, şüurlu bir qərar olur. Bu yenilik riskli vergi ödəyiciləri ilə əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Riskli olmayan vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əqdi aparması öz riskini artırmaq deməkdir. Bu, səyyar vergi yoxlaması və digər tədbirlər üçün belə demək mümkündürsə, bir dəvətdir. Çünki, risklərin də müəyyənləşdirilməsinin məqsədi onların öncədən qarşısının alınmasına nail olmaq, vergidən şüurlu, yaxud şüursuz yayınmasının qarşısının alınmasıdır. Vergilər Nazirliyi öz rəqəmsal imkanlarını, məlumatların elektron təhlil imkanlarını davamlı artıracaq. Bunun vergi ödəyiciləri üçün ən böyük faydası üfüqi monitorinq adlandırdığımız məsafədən təhlil mexanizmləri, yəni vergi ödəyiciləri ilə birbaşa ünsiyyətdə olmamaq şərti ilə onun fəaliyyəti barədə vergi orqanının zəruri və hüquqi olduğu bütün məlumatları əldə etməklə müvafiq qərarların verilməsi və həmin qərarların keyfiyyətinin artırılmasına xidmət etməsidir”, - deyə M.Cabbarov vurğulayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi