Orxan İsmayılov: "Bu ay Azərbaycanda problemli kreditlərlə bağlı mexanizmin tətbiqinə başlanılacaq" - MÜSAHİBƏ

Orxan İsmayılov: "Bu ay Azərbaycanda problemli kreditlərlə bağlı mexanizmin tətbiqinə başlanılacaq" - MÜSAHİBƏ Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılovun Reporta müsahibəsi:
Maliyyə
5 Aprel , 2019 10:14
Orxan İsmayılov: Bu ay Azərbaycanda problemli kreditlərlə bağlı mexanizmin tətbiqinə başlanılacaq - MÜSAHİBƏ
0 : 00
0 : 00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılovun "Report"a müsahibəsi: 

- Azərbaycanda "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası" təsdiq edildi. Bu qaydalar nəyi ehtiva edir?

- Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın icrasında növbəti mərhələ olaraq aprelin 2-də həmin qaydalar qüvvəyə minib. Onlar ümumiyyətlə, güzəştlərin tətbiqi, kompensasiyaların hesablanması ilə bağlı mexanizmləri müəyyən edir. Burada qaydaların əsas prinsipləri kompensasiyaların hesablanması və ödənilməsi prosesində banklar, bank olmayan kredit təşkilatları tərəfindən işin təşkil edilməsi, eyni zamanda vətəndaş müraciətlərinə baxılması, mübahisəli məsələlərin həlli ilə bağlı maksimum şəffaflığn olmasıdır. Qaydalarımız strukturuna həm kompensasiyaların hesablanması, restruktrizasiya məbləğlərinin müəyyən edilməsi, banklar tərəfindən hesablanmış faizlərı və dəbbə pullarına güzəştlərin tətbiqi ilə bağlı çərçivəni əhatə edir. Bundan başqa, qaydalarda vətəndaşlarla işin təşkili ilə bağlı banklara dair tələblər müəyyən edilib. Bu tələblər ödənişlərin effektiv aparılması ilə bağlı məsələləri əhatə edir. Eyni zamanda Palata ilə bağlı da tələblər müəyyən olunub. Bu tələblər burada vətəndaşların qəbul edilməsi, onların sorğularının cavablandırılması ilə bağlı məsələlərə aiddir. Eyni zamanda, vətəndaşların kompensasiya əldə edilməsi ilə bağlı tələb olunan sənədlərlə bağlı məqam var. Maksimum sadə şəkildə, yalnız şəxsiyyət vəsiqəsi ilə vəsaitin əldə edilməsi mümkün olacaq. Yalnız vəfat etmiş şəxslərdən vərəsəlik hüququnu təsdiq edən əlavə sənəd tələb ediləcək. 

Vətəndaşlarla bağlı mübahisəli halların Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası tərəfindən araşdırılması və yekun qərar verilməsi nəzərdə tutulur. Burada əsas məqam siyahıda adı çıxmayan vətəndaşlar (əgər həqiqətən borcu 10 min dollardan azdırsa) barədə qərar qəbul ediməsidir. Kompensasiya məbləği fərqli olan vətəndaşların sorğuları ilə bağlı qərarlar veriləcək.

Ümumilikdə, qaydalarda kompensasiyaların hansı formada ödənilməsi (nağd və yaxud plastik kartlarla) öz əksini tapıb. Ümumilikdə qaydalar fəaliyyətdə olan banklar, bank olmayan kredit təşkilatları üzrə hesablanmış kompensasiyaların, eyni zamanda ləğv prosesində olan bankların müştəriləri üçün hesablanmış kompensasiyaların necə ödənilməsi ilə bağlı məqamları əhatə edir. 

- Azərbaycanda bəzi hallarda krediti ödəməyən müştərinin yerinə onun zamini ödəniş edib. Bu halda müştəri, zamin və bank arasında münasibətlər necə tənzimlənəcək?

Müxtəlif vaxtlarda zaminlər borcalanlar əvəzinə kredit öhdəliklərini yerinə yetiriblər. Zaminlərin hesabına ödənişlərinin təmin edilməsi ilə bağlı məhkəmə qərarları olub. Bu məsələlərin üçtərəfli qaydada, yəni krediti götürən şəxs, krediti ödəyən zamin və bank arasında (ödənişlərin həqiqətən də zamin tərəfindən ödənilməsini təsdiq edən sənədlər əsasında), üçtərəfli formada həlli nəzərdə tutulub. Bu, mülki münasibətlərdir və burada yaranan problemlərin elə mülki qaydada həll olunması nəzərdə tutulub.

- Məlum hadisədən sonra banklarla müştərilər arasında yenidən güzəştli şərtlərlə kredit müqavilələri bağlanılıb və kredit ödənişi başa çatdırıldı. Əlavə ödənişlər kompensasiya ediləcəkmi? 

Bankların güzəştli kreditləri nə vaxt verməsi kompensasiyanın hesablanması üçün xüsusi şərtdir. O baxımdan ki, əgər güzəştli müqavilələr 1-ci devalvasiyadan sonra olubsa və həmin kredit müqaviləsi manata çevrilibsə, o halda, kompensasiya yalnız 1-ci devalvasiyada olan məbləğə  hesablanacaq. Çünki artıq ikinci devalvasiyada həmin kredit manatda olub və xarici valyutada borc olmayıb. Banklar tərəfindən edilən güzəştlərə gəlincə, tutaq ki, güzəşt hər iki devalvasiyadan sonra baş verib - bu zaman vətəndaşa kompensasiya məbləği hesablanır. Bank tərəfindən edilmiş güzəşt həcmində kompensasiya məbləği azaldılır. Vətəndaş bu barədə məlumatı özünün şəxsi vərəqəsində görə biləcək (pk.fimsa.az).

- Fərmanın icrası bank və bank olmayan kredit təşkilatlarına necə təsir edəcək?

Bu fərman ilk növbədə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Fərmanın digər tərəfi bank sektorudur. Belə ki, fərman bir tərəfdən vətəndaşların problemli kreditlərlə bağlı borclarını azaldırsa, digər tərəfdən kredit təşkilatlarıının da problemli borclarını azaltmış olacaq. Bu da bir növ həmin kredit təşkilatlarının təkrar sağlamlaşdırılmasına xidmət edəcək. Ümumilikdə fərman çərçivəsində restruktrizasiya etdiklərinə görə, vətəndaşlara güzəştli müqavilələr təşkil etdiyinə görə dövlət zamənətli ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən kreditlərin ayrılması nəzərdə tutulub. Həmin güzəştli kreditlər sektora əlavə likvid resursların axınını təmin edəcək və banklarımız, kredit təşkilatları da həmin vəsaitləri təkrar olaraq iqtisadiyyata ötürməklə özlərinin sağlamlaşdırılmasına, mənfəətliyinə əlavə təsir əldə etmiş olacaqlar. 

- Fərmandan sonra kredit ödənişlərini həyata keçirərək banka olan borcunu bağlayan və ödəniş həyata keçirə bilməyən müştəri arasında hər hansı fərq olacaqmı?

- Prezidentin fərmanında borc götürüb ödəmiş və ödəməmiş şəxslərlə bağlı da məqamlar var. Fərman borcu ödəyənlərə hər hansı kompensasiya hesablanmamasını nəzərdə tutmur. Burada borclarını bağlamış şəxslər məzənnə fərqindən təsirləniblərsə, onlar da həmin həcmdə kompensasiya olunacaqlar. Həmin vətəndaşlara kompensasiya təqdim olunacaq. Fərq bundan ibarət olacaq ki, əgər bugünkü gündə hər hansı vətəndaşın ödəniş müddəti keçmiş kreditləri mövcuddursa, o zaman həmin hesablanmış kompensasiyalar ilk növbədə həmin borcların bağlanmasına yönəldiləcək, yəni həmin vətəndaşın kredit yükünün azaldılmasına istiqamətlənəcək. Əgər vətəndaş borclarını bağlayıbsa və bu gün hər hansı ödəniş müddəti keçən kredit öhdəliyi yoxdursa həmin halda hesablanmış kompensasiyalar tam olaraq vətəndaşın sərəncamına veriləcək. 

- Ləğvetmə prosesində olan bankların müştərilərinə kompensasiyalar necə ödəniləcək?

- Kompensasiya ödənişləri ilə bağlı hazırlanmış qaydalarda xüsusi bir mexanizm müəyyən olunub. Belə ki, hazırda fəaliyyətdə olan bankların müştəriləri onlara hesablanmış kompensasiya məbləğlərini həmin banklardan əldə edəcəklər. Bank olmayan kredit təşkilatları və ləğvetmə prosesində olan banklar üçün müəyyən edilmiş mexanizm həmin vəsaitlərin “Azərpoçt” vasitəsilə vətəndaşlara çatdırılmasını nəzərə tutur. Bu barədə məlumat da vətəndaşın şəxsi vərəqəsində veriləcək. 

Son xəbərlər

Orphus sistemi