“Yelo Bank”ın səhmdarları gələn ilin biznes planını müzakirə edəcək

Maliyyə
  • 27 noyabr, 2021
  • 06:09
“Yelo Bank”ın səhmdarları gələn ilin biznes planını müzakirə edəcək

Dekabrın 28-i, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.

Yığıncağın gündəliyinə bankın 2022-ci il üzrə biznes planı və digər məsələlərin müzakirəsi daxildir.

Bankın İdarə Heyətinin sədri Anar Həsənovun "Report"a bildirib ki, “Yelo Bank” Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirməyi planlaşdırır.

“Hazırda “Yelo Bank”ın Lənkəran, Gəncə və Bərdədə üç filialı var. Müşahidə Şurası bizə filial açmağa icazə verib və bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik. Biz bir neçə yeni filial açmağı planlaşdırırıq”, - deyə A.Həsənov bildirib.

Bank son bir neçə ay ərzində Bakıda və paytaxt ətrafında 6 yeni filial açıb.

A.Həsənov planlardan danışarkən vurğulayıb ki, bank “LUKOYL-Azərbaycan” QSC ilə fəal əməkdaşlıq etməyi və onun yanacaqdoldurma məntəqələrində satış nöqtələri açmağı planlaşdırır.

“Biz “LUKOYL-Azərbaycan” QSC-nin komandası ilə çox məhsuldar əməkdaşlıq edirik. Yanacaqdoldurma məntəqələri ərazisində bankın birgə şöbələrinin yaradılması ilə bağlı layihələrimiz var, burada əməkdaşlarımız müştərilərə sürətli dəstək, məsləhət xidmətləri göstərə, həmçinin müəyyən aparatlar vasitəsilə bank əməliyyatları aparmağa kömək edə biləcəklər. Hesab edirik ki, əgər müştərilərimizə rəqəmsal texnologiyalar vasitəsilə internetdə bu və ya digər tranzaksiyanı həyata keçirməyi öyrətsək, bu, ölkəmizdə maliyyə savadlılığını artıracaq”, - deyə bankın rəhbəri qeyd edib.

Qeyd edək ki, "Yelo Bank” 2021-ci ilin 9 ayı üzrə 11,4 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ilin yanvar-sentyabr aylarında bankın aktivləri 27 % artaraq 496 milyon manata çatıb.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun səhmlərinin 96 %-i “Topaz Investments Limited” QSC-yə, 3,9 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti