"YapıKredi Bank Azərbaycan" ötən ilin yekun maliyyə göstəricilərini açıqlayıb
- 01 fevral, 2017
- 09:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan” QSC-nin 2016-cı idə əldə etdiyi xalis əməliyyat mənfəəti 19,316 mln. manat olub. Bankdan “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə təxminən 79% çoxdur.
Bankın qeyri-faiz gəlirləri 25,782 mln. manat olub ki, bu da illik müqayisədə 40,6% çoxdur.
Ötən il Bank nağd pul ehtiyyatlarını da kifayət qədər artırıb. Belə ki, bu rəqəm 2015-ci il ilə müqayisədə 62,9% artaraq 250,484 mln. manata çatıb.
“Azərbaycan iqtisadiyyatına yatırım etmək və bankçılıq sektorunda güvənli bir banka çevrilmək üçün illərdir Avropanın 17 ölkəsində olan təcrübəmizdən istifadə etməkdəyik”, - deyə "YapıKredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib.
Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.