Hesablama Palatası DSMF büdcəsinin xərc strukturundakı problemləri açıqlayıb

Maliyyə
  • 05 noyabr, 2026
  • 11:53
Hesablama Palatası DSMF büdcəsinin xərc strukturundakı problemləri açıqlayıb
Vüqar Gülməmmədov

Azərbaycanda sığorta mexanizmlərinə söykənməyən xərclər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə resursları hesabına qarşılanır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O vurğulayıb ki, DSMF-nin xərclərinin ödənilməsi iki fundamental mənbə əsasında təmin edilir:

"Bunlardan birincisi Fondun büdcə gəlirləri, ikincisi isə keçmiş illərdən sərf olunmamış vəsaitlərdir. Qeyd edildiyi kimi, gələn ildə bütün mənbələr üzrə cəmi təxminən 9,2 milyard manat məbləğində vəsait planlaşdırılıb. Xərclərin maliyyələşdirilməsinə dair bir neçə vacib məsələni nəzərə çatdırmaq istəyirəm. Normativ hüquqi aktlarda birbaşa belə bir tələb nəzərdə tutulmasa da, büdcədənkənar fondların büdcələri balans prinsipi əsasında formalaşdırılır. Bu da öhdəliklərin yerinə yetirilməsi üçün yalnız çatışmayan həcmdə vəsaitin cəlb edilməsinə gətirib çıxarır".

V. Gülməmmədov həmçinin öhdəliklərin dəqiqləşdirilməsi ilə bağlı verilmiş tapşırıqların yerinə yetirilmədiyini bildirib. Onun sözlərinə görə, öhdəliklərin dəqiq müəyyənləşdirilməməsi sığorta prinsiplərinə əsaslanmayan xərclərin də sığorta haqları hesabına ödənilməsinə səbəb olur: "Bu isə DSMF-nin maliyyə dayanıqlığına mənfi təsir göstərir".