“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 2 dəfə artırıb

Maliyyə
  • 26 sentyabr, 2023
  • 12:21
“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 2 dəfə artırıb

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2022-ci ili 15,845 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il “VİP Aviasiya Xidmətləri Şirkəti”nin göstərdiyi xidmətlərdən gəlirləri 31,604 milyon manat (əvvəlki ilə nisbətən 37,7 % çox), xidmətlərinin maya dəyəri 8,967 milyon manat (35,4 % çox), inzibati və digər əməliyyat xərcləri 7,525 milyon manat (3,8 % çox), digər gəlirləri 491 min manat (3,3 dəfə çox), investisiyalar üzrə dividend gəlirləri 670 min manat (əvvəlki il olmayıb), birgə müəsisələrə yatırılmış investisiyalardan gəlirləri 2,741 milyon manat (11,9 dəfə çox), maliyyə xərcləri 68 min manat (74,4 % çox), məzənnə fərqindən zərəri 17 min manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,084 milyon manat (57 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin aktivləri 51,646 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 10,9 % azalaraq 23,387 milyon manata, balans kapitalı isə 12,7 % azalaraq 28,259 milyon manata düşüb.

Xatırladaq ki, “VİP Aviasiya Xidmətləri Şirkəti" 2011-ci ildə, 100 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Uyğunluq Sertifikatına əsasən Azərbaycanın beynəlxalq hava limanlarında yerüstü və kommersiya xidmətləri göstərir. Qurum "Premium Bank" ASC-nin 15,22 %-lik səhmdarıdır.

44 filmi