USACC: Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur

Maliyyə
  • 29 may, 2025
  • 11:34
USACC: Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur.

"Report" xəbər verir ki, bunu ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov ABŞ-yə II bank missiyasının yekunları ilə bağlı bildirib.

O qeyd edib ki, "Bank uyğunluğunun və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi missiyası" adlı yüksək səviyyəli proqram aparıcı Azərbaycan banklarının komplayns xidmətlərinin rəhbərlərini əsas ABŞ tənzimləyiciləri və maliyyə qurumlarının nümayəndələri ilə bir araya gətirib. Missiyanın məqsədi ikitərəfli dialoqu dərinləşdirmək, bank təcrübələrini təkmilləşdirmək və iki ölkənin maliyyə sektorları arasında uzunmüddətli tərəfdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində nümayəndə heyəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi (FinCEN), ABŞ Dövlət Departamenti, Nyu-York Federal Ehtiyat Bankı, Amerika Banklar Assosiasiyası, “Citibank”, “BNY Mellon”, “Moody's”, “Dentons” və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyası (ACAMS) ilə görüşlər keçirib.

"Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ maliyyə bazarlarının ən böyük investorudur. Ölkələrimiz arasında ticarİ-iqtisadi əlaqələr böyük potensiala malikdir. Azərbaycan banklarının beynəlxalq uyğunluq standartlarına ciddi riayət etməsi bu əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayır", - N.Baxışov qeyd edib.

O əlavə edib ki, USACC Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birlikdə bu strateji təşəbbüsləri dəstəkləməyə və inkişaf etdirməyə davam edəcək.

N.Baxışovun sözlərinə görə, son illər Azərbaycan və ABŞ bankları arasında müxbir münasibətlərinin əhəmiyyətli dərəcədə genişlənməsi müşahidə olunur: bu gün 10-dan çox Azərbaycan bankı ABŞ maliyyə qurumları ilə birbaşa müxbir əlaqələrinə malikdir.

"Biz Azərbaycan bank sektoruna inamın artdığını görürük. Belə missiyalar qarşılıqlı öyrənmə, səriştələrin inkişafı və institusional əməkdaşlığın gücləndirilməsi üçün unikal imkanlar açır", - “PASHA Bank”ın komplayns üzrə direktoru və ABA-nın komplayns üzrə İşçi Qrupunun sədri Anar Kərimov bildirib.

Məlumata görə, ikinci missiyada Azərbaycanın 11 bankının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, ötən il ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyası Azərbaycan Mərkəzi Bankının sədrinin rəhbərliyi altında ilk bankçılıq missiyasını keçirib. Missiyada ölkənin 11 aparıcı bankının top-menecerləri iştirak edib.

Bu missiya çərçivəsində ABŞ Beynəlxalq Maliyyə Korporasiyası (DFC), “Exim Bank”, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu, həmçinin “The Bank of New York Mellon” ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.