Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı tərəfindən iqlimin maliyyələşdirilməsinə tələbat artır.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ADB-nin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi Baş müşaviri Uorren Evans Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “CAREC Proqramı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.
“Bu məsələ ilə bağlı problem iqlim maliyyəsinin çoxunun güzəştli olmamasıdır. Qarışıq maliyyələşdirmə yollarını tapmağımız vacibdir”, - U.Evans vurğulayıb.
Onun sözlərinə görə, ADB ölkələr üçün milli uyğunlaşma planlarını hazırlamağa, islahatlar aparmağa və potensialın artırılmasına kömək edəcək bir sıra təşəbbüslərə malikdir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş CAREC Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.