Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) layihəsi ölkənin davamlı inkişafı yolunda mühüm addımdır.
"Report" xəbə verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan enerji keçidinə, qadınların əmək bazarında iştirakının artırılmasına və iqlim dəyişikliyinə uyğunlaşmasına sadiqdir.
S. Stallmeister qeyd edib ki, AZTAF layihəsi Azərbaycanın davamlı inkişafı yolunda mühüm addım kimi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, AZTAF layihəsinin ümumi büdcəsi 5,25 milyon avro təşkil edir və bu, üçillik proqramdır.
2022-ci ilin fevral ayında Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə İnzibati Saziş imzalayıblar. AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.