“Southern Gas Corridor” QSC-nin xalis mənfəəti təqribən 21 % azalıb

Maliyyə
  • 09 iyul, 2024
  • 13:55
“Southern Gas Corridor” QSC-nin xalis mənfəəti təqribən 21 % azalıb

“Southern Gas Corridor” (SGC) QSC-nin 2023-cü ildə xalis mənfəəti 1 milyard 277,785 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 20,6 % azdır.

“Report” bu barədə şirkətin 2023-cü il üzrə audit edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.

Ötən il SGC-nin gəlirləri 3 milyard 066,384 milyon ABŞ dolları (15,7 % çox), satışın dəyəri 611,922 milyon ABŞ dolları (1,8 dəfə çox) təşkil edib.

2023-cü ilin sonunda şirkətin əməliyyat gəlirləri 2 milyard 006,248 milyon ABŞ dolları (1,4 % çox) təşkil edib. Eyni zamanda, SGC-nin maliyyə xərcləri 561,232 milyon ABŞ dolları (1,8 % çox) olub.

Ümumilikdə, şirkətin ötən ilin sonunda vergidən əvvəlki mənfəəti 1 milyard 634,085 milyon ABŞ dolları (3,6 % çox) təşkil edib.

Hesabatlara əsasən, “South Gas Corridor” QSC-nin 2023-cü ilin sonuna aktivləri 15 milyard 165,897 milyon ABŞ dolları (10 % çox), o cümlədən qısamüddətli aktivləri 3 milyard 586,499 milyon ABŞ dolları (2 dəfə çox), uzunmüddətli aktivləri 11 milyard 579,398 milyon ABŞ dolları (3,4 % az) qiymətləndirilir.

SGC-nin cari ilin əvvəlinə olan öhdəlikləri 8 milyard 196,934 milyon ABŞ dolları (1,4 % çox), o cümlədən qısamüddətli - 3 milyard 145,577 milyon ABŞ dolları (3,5 dəfə çox), uzunmüddətli - 5 milyard 051,357 milyon ABŞ dolları (29,6 % az) təşkil edib.

Şirkətin kapitalı 2023-cü ilin sonuna 6 milyard 968,963 milyon ABŞ dollarına (22,2 % çox) bərabərdir, o cümlədən nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları (dəyişməyib) təşkil edib.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti