SOCAR-ın aktivlərindən biri üzrə dividendlərin ARDNF-ə ödəniləcəyi tarix məlum olub

Maliyyə
  • 29 yanvar, 2025
  • 08:34
SOCAR-ın aktivlərindən biri üzrə dividendlərin ARDNF-ə ödəniləcəyi tarix məlum olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 2026-cı ildə Dövlət Neft Fonduna (ARDNF) dividend ödəməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair rəyində bildirilib.

"STAR layihəsi üzrə ARDNF-ə dividend ödənişlərinin 2026-cı ildən etibarən icra edilməsi nəzərdə tutulub", - materialında qeyd olunub.

Bildirilib ki, ARDNF-ə dövlətin birbaşa mülkiyyətində olan səhmlər üzrə dividendlər ödəniləcək.

Xatırladaq ki, “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən təmin edilib. Həmin sərəncama əsasən səhmlərinin 40 %-i dövlət mülkiyyətində olan səhmdar cəmiyyəti təsis edilib.

Həmin səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, bu səhmlər üzrə dividendlərin ARDNF-ə köçürülməsi müəyyən edilib.

STAR NEZ 19 oktyabr 2018-ci ildə istismara verilib və “Azeri Light”, “Kerkuk” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun istehsal gücü ildə 13 milyon ton məhsul təşkil edir. O, “Petkim” neft-kimya kompleksini xammal ilə təmin edir və SOCAR-ın öz dizel yanacağı və aviakerosinini, eləcə də kimya sənayesi üçün xammalını Aralıq dənizi bazarına çıxarması üçün şərait yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti