"Şahdağ Turizm Mərkəzi" zərərini 3 dəfə azaldıb

"Şahdağ Turizm Mərkəzi" zərərini 3 dəfə azaldıb Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2021-ci ili 6,344 milyon manat zərərlə başa vurub.
Maliyyə
13 Aprel , 2023 14:36
Şahdağ Turizm Mərkəzi zərərini 3 dəfə azaldıb

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2021-ci ili 6,344 milyon manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 62,4 % və yaxud 2,7 dəfə azdır.

Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 7,7 % artaraq 88,489 milyon manata çatıb.

2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 6,147 milyon manat (2020-ci ilə nisbətən 3,5 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13,98 milyon manat (10,3% çox), sair gəlirləri 1,273 milyon manat (14,6 dəfə çox), satışının maya dəyəri 10,299 milyon manat (0,5 % az), inzibati xərcləri 14,653 milyon manat (41,7 % az), maliyyə xərcləri 19 min manat (2,7 dəfə az), gəlirdən çıxılan vergilər üzrə xərcləri 2,773 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

2022-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 312,006 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 19,2 % azalaraq 2,989 milyon manata, balans kapitalı isə 2 % azalaraq 309,017 milyon manata düşüb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Son xəbərlər

Orphus sistemi