“S&P” növbəti 2 il ərzində likvidlik uğrunda rəqabətin daha da sərtləşəcəyini proqnozlaşdırır

Maliyyə
  • 07 oktyabr, 2023
  • 08:55
“S&P” növbəti 2 il ərzində likvidlik uğrunda rəqabətin daha da sərtləşəcəyini proqnozlaşdırır

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi növbəti iki ildə emitentlər arasında likvidlik uğrunda rəqabətin daha da sərtləşəcəyini proqnozlaşdırır.

“Report” “S&P”ın araşdırmasına istinadən xəbər verir ki, bütün dünyada yüksək faiz dərəcələri fonunda daha aşağı reytinqli inkişaf etməkdə olan ölkələrin emitentləri çətin vəziyyətə düşəcək, çünki investorlar inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə ölkə riskinə görə daha yüksək mükafatlarını kompensasiya etmək üçün əlavə gəlirlər tələb edəcəklər.

“Spekulyativ səviyyədə olan borcların ödənilməsi müddətləri 2024-cü ildə idarə oluna bilər və ümumi borcun 17,6 %-ni təşkil edir. Lakin bu göstərici 2025-ci və 2026-cı illərdə əhəmiyyətli dərəcədə artaraq müvafiq olaraq 24,5 % və 31,5 %-ə çatacaq. Emitentlərin yenidən maliyyələşdirmək üçün 2025-ci ilə qədər gözləyəcəyi ehtimalı çox azdır və onlar faiz dərəcələrinin hələ də yüksək olacağı 2024-cü ildə bazara girəcəklər. Bu şərtlər bir çox emitentlər üçün qəbuledilməz ola bilər. Bu da defoltlara, iflaslara gətirib çıxara bilər”, - araşdırmada qeyd edilib.

Reytinq agentliyinin analitikləri hesab edirlər ki, borclarla bağlı ən uzun ödəmə müddətinə malik sektorlar maliyyə institutları, neft-qaz, ev tikintisi, daşınmaz əmlak və telekommunikasiyadır: “Daşınmaz əmlak, neft və təbii qaz, kommunal xidmətlər, telekommunikasiya kimi sektorlar yüksək faiz dərəcələri dövründə ən çox zərər görəcək sahələr olacaq”.

Araşdırmaya əsasən, pandemiya zamanı əksər emitentlər borc öhdəliklərin buraxılması, likvidlik profilini yaxşılaşdırmaq və ödəmə qrafikini uzatmaq üçün yüksək əlverişli maliyyə şərtlərindən istifadə ediblər: “Beləliklə, son illərdə borclarının ödənilməsi idarə olunacaq səviyyədə idi. Lakin qlobal borc ödəmələrinin müddəti artır və bunun pis həddi 2025-ci ilə təsadüf edəcək. İnkişaf etməkdə olan ölkələrə gəlincə, 2024-cü ildə borcların ödənilməsi ilə bağlı müddət 2023-cü ilə nisbətən daha yüksəkdir. Bu, 2026-cı ildə artmağa davam edəcək. İnkişaf etməkdə olan ölkələr arasında ən böyük ödəmələr 2024-cü və 2025-ci illərdə Çinin üzərinə düşəcək: bu illərdə müvafiq olaraq 64 milyard və 53 milyard ABŞ dolları məbləğində ödənişlər nəzərdə tutulub”.