S&P: “Azərbaycan bankının rentabelliyi Misir, Qazaxıstan, Ermənistan və Özbəkistanın iri bankları ilə müqayisədə yaxşıdır”

Maliyyə
  • 02 may, 2023
  • 14:16
S&P: “Azərbaycan bankının rentabelliyi Misir, Qazaxıstan, Ermənistan və Özbəkistanın iri bankları ilə müqayisədə yaxşıdır”

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan emitenti olan “Kapital Bank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiq edərək, proqnozu “sabit”dən “müsbət”ə dəyişib.

“Report” agentliyə istinadən xəbər verir ki, Azərbaycanın ən böyük üçüncü bankı olan “Kapital Bank” yerli bank sistemində ən böyük mütləq mənfəətə malikdir.

S&P, “Kapital Bank”ın yerli və xarici analoqları ilə müqayisədə daha yüksək gəlirlilik nümayiş etdirməyə davam edəcəyini gözləyir.

"2020-2022-ci illərdə onun aktivlərinin gəlirliliyi (ROA) bank sisteminin orta göstəricisi olan 1,8 % ilə müqayisədə orta hesabla 4,5 %, kapitalın gəlirliliyi (ROE) isə 14 %-lə müqayisədə 36 % təşkil edib. Bu rentabellik göstəriciləri Misir, Qazaxıstan, Ermənistan və Özbəkistan kimi ölkələrin iri banklarından müsbət mənada fərqlənir. Qarşıdakı iki il ərzində rentabelliyin cüzi dərəcədə pisləşəcəyini gözləsək də, “Kapital Bank”ın analoqları arasında liderliyini qoruyub saxlayacağını güman edirik", - agentlik açıqlayıb.

S&P hesab edir ki, “Kapital Bank” aktivlərinin keyfiyyəti baxımından əhəmiyyətli irəliləyiş nümayiş etdirib və güman edir ki, üçüncü mərhələdə onun kreditləri yerli və beynəlxalq analoqları arasında ən aşağı səviyyədə qalacaq.

"Kapital Bank”ın ilk növbədə depozit müştərilərinə istehlak kreditləri təqdim etməsi onun aktivlərinin keyfiyyətinə zəmanət verir. Bankın KOB-lara kredit verməsini tədricən artırması ilə yaxın bir neçə il ərzində aktivlərin keyfiyyətinin müəyyən dərəcədə pisləşməsini gözləsək də, hesab edirik ki, üçüncü mərhələdə kreditlər milli və beynəlxalq orta göstəricilərdən aşağı qalacaq. Məsələn, biz gözləyirik ki, Azərbaycanda üçüncü mərhələ üzrə kreditlər yaxın 24 ay ərzində ümumi kreditlərin təxminən 6-8 %-ni təşkil edəcək. Qeyd edək ki, 2022-ci ilin sonunda ehtiyatlar “Kapital Bank”ın üçüncü mərhələ kreditlərini 173 % əhatə edib.”, - agentlik qeyd edir.

S&P, 2023-2024-cü illərdə “Kapital Bank”ın riskə uyğunlaşdırılmış kapital əmsalının (RAC) sabit qalacağını və orta səviyyəli göstəricidən yüksək olacağını, kapitallaşmanın adekvat səviyyədə saxlanacağını gözləyir. Halbuki, bankın xalis gəlirinin təxminən 60 %-ni yüksək dividend ödənişləri təşkil edir, planlaşdırılan kapital qoyuluşları isə yoxdur. Agentlik RAC əmsalının 2022-ci ilin sonundakı 8,5 % ilə müqayisədə 2023-2024-cü illərdə 7,5-8,5 % təşkil edəcəyini proqnozlaşdırır.

“Kapital Bank”ın reytinqləri üzrə müsbət proqnoz onun gələcək 12-24 ay ərzində gəlirlilik, kapitallaşma və aktivlərin keyfiyyəti baxımından əksər yerli və beynəlxalq analoqlarını üstələyəcəyi ilə bağlı gözləntiləri əks etdirir.

“Kapital Bank” yaxşı nəticələr, sabit aktiv keyfiyyəti, yüksək kapital ehtiyatları və adekvat likvidlik nümayiş etdirməklə yerli və beynəlxalq analoqlarını üstələməkdə davam edərsə, növbəti 12 ay ərzində reytinqləri yüksəldə bilərik”, - agentlik tamamlayıb.

44 filmi