2020-ci ildə Rusiya Bankı (Mərkəzi Bankı) qızıl ehtiyatlarını 0,9 milyon unsiya (təxminən 28 ton) və yaxud 1,2% artıraraq 73,9 milyon unsiyaya (2 300 ton) çatdırıb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, 2019-cu ildə qurumun qızıl ehtiyatlarında artım 5,1 milyon unsiya (təxminən 159 ton) təşkil etmişdi. Başqa sözlə, ötən il artım tempi 5,7 dəfə azalıb.
Bu il yanvarın 1-nə Rusiya Bankının qızıl ehtiyatlarının dəyəri 138,75 milyard ABŞ dolları təşkil edib. Bu isə ölkənin qızıl-valyuta ehtiyatlarının dəyərinin 23,3%-i deməkdir və ötən il yanvarın 1-i ilə müqayisədə 25,7% çoxdur. Artım dünya bazarında qızılın bahalaşması hesabına baş verib.
Xatırladaq ki, Rusiya Bankı 2014-cü ildən bəri aktiv şəkildə qızıl alır, son 7 ildə qızıl ehtiyatlarını 2 dəfədən çox artırıb və bu baxımdan dünyanın mərkəzi bankları arasında liderdir.
Tənzimləyici qurum qızıl ehtiyatlarınındakı artımın təxminən yarısını yerli istehsalın hesabına təmin edir, ölkənin ən böyük qızıl istehlakçısıdır.