Bu ilin əvvəlindən Rusiya ABŞ-ın qiymətli kağızlarına kapital qoyuluşu həcmini 4,503 milyard ABŞ dolları artırıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin hesabatına görə, burada uzunmüddətli istiqrazların payı 2 milyon, qısamüddətli istiqrazların payı isə 4,501 milyard ABŞ dolları təşkil edir.
ABŞ-ın qiymətli kağızlarına kapital qoyuluşu üzrə ilk 3-lüyü Yaponiya (1,303 trilyon ABŞ dolları), Çin (1,06 trilyon ABŞ dolları) və Böyük Britaniya (608,8 milyard ABŞ dolları) təşkil edir. Bu baxımdan dördüncü yerdə Lüksemburq (310 milyard ABŞ dolları), beşinci yerdə isə İrlandiya (308 milyard ABŞ dolları) qərarlaşıb.
Rusiyanın ABŞ-ın qiymətli kağızlarına kapital qoyuluşu maksimum səviyyəyə (176,3 milyard ABŞ dolları) 2010-cu ilin oktyabr ayında çatmışdı. 2018-ci ildə növbəti sanksiyaların tətbiqindən sonra Rusiya ABŞ-ın dövlət istiqrazlarına qoyuluşu geri çıxarmağa başlamışdı. 2020-ci ilin mart ayında bu göstərici minimum həddə - 3,9 milyard ABŞ dollarına düşmüşdü.